Macarıstandakı Azərbaycan icması ilə görüş keçirilib
31 avqust, 2026
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan icması ilə görüşüb.
Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.
Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Esmira Cəfərova çıxışında Azərbaycan-Macarıstan münasibətlərinin yüksək səviyyədə olduğuna, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafına diqqət çəkib, həmçinin ölkələrimiz arasında əlaqələrin inkişafında diasporun rolunu yüksək qiymətləndirib.
Daha sonra Budapeşt Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli hesabatla çıxış edib. Azərbaycan Evinin həm Azərbaycan icması daxilində həmrəyliyin gücləndirilməsi, həm də yerli cəmiyyətlə əlaqələrin inkişafı istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyətlər barədə ətraflı məlumat verib. Perspektiv layihələrdən, strateji hədəflərdən bəhs edib. O, Azərbaycan Evinin fəaliyyətinə göstərilən dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti dünya azərbaycanlılarının daha sıx birləşməsinə, şəbəkələşməsinə və milli maraqlar ətrafında həmrəyliyinin güclənməsinə mühüm töhfə verir,” – bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışı zamanı səsləndirib. Xaricdə yaşayan soydaşlarımızın Azərbaycan həqiqətlərinin, ölkəmizin nailiyyətlərinin, işğaldan azad olunan torpaqlarımızda genişmiqyaslı quruculuq işlərinin aparıldığının beynəlxalq ictimaiyyətə çatdırılmasında xüsusi rol oynadığını bildirib. Komitə sədri, həmçinin, komitənin həyata keçirdiyi layihələr və əldə olunan nəticələr barədə danışıb.
Sonda icma üzvlərinin sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb, təklif və təşəbbüslər müzakirə edilib.
Foto qalereya
Digər xəbərlər
