“Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi

29 aprel, 2025

“Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi

Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi 2024-cü ilin 1-7 avqust tarixində qədim Azərbaycan torpağı Laçında keçirilib.

Düşərgədə dünyanın 60 ölkəsindən gələn 115 gənc, o cümlədən azərbaycanlılar və ölkəmizə dost münasibət bəsləyən digər xalqların nümayəndələri iştirak edib.

Düşərgə iştirakçıları bir həftə ərzində Laçının, eləcə də Qarabağın tarixi, mədəni abidələri ilə tanış olub, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşüb, maraqlı panel və seminarlarda iştirak edib, eləcə də əylənib və intellektual oyunlar oynayıblar. Bunlarla yanaşı, düşərgə müddətində gənclərin “İslimi” Xalçaçılıq mərkəzinə, “Gilabi Ceramics” mərkəzinə, “Həkəri Balıq Təsərrüfatı”na, “Hoçazfilm” yaradıcılıq studiyasına, Zabux kəndinə, Şuşa, Xankəndi, Xocalı şəhərlərinə və Əsgəran qəsəbəsinə səfərləri baş tutub.

Yay düşərgələri xaricdəki yeni nəsil azərbaycanlıların ölkəmizlə bağlarını daha da möhkəmləndirmələri, Azərbaycanı uğurla təmsil etmək bacarıqlarını inkişaf etdirmələri, şəbəkələşmələri, yeni dostlar qazanmaları və s. üçün gözəl fürsətdir.

Düşərgədə yaşı 18-29 arası, Azərbaycan dilində ünsiyyət bacarığı olan gənclər iştirak edib. Düşərgədə iştirak xərcləri tam şəkildə qarşılanıb.

Avqustun 1-i Laçın şəhərinə gələn düşərgə iştirakçılarının ilk tanışlıq və məlumatlandırma sessiyası olub.

Avqustun 2-də “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov iştirak və çıxış edib.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Diaspor gənclərinin Şəki, Şamaxı, Şuşa və Naxçıvan şəhərlərində 4 yay düşərgəsi təşkil olunub. Dünyanın 50-dən çox ölkəsində yaşayan gənc soydaşlarımız həmin düşərgələrdə iştirak edib.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol