Diaspor Gənclərinin VI Yay Düşərgəsi

3 fevral, 2026

Diaspor Gənclərinin VI Yay Düşərgəsi

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsi 2025-ci ilin 3-9 avqust tarixində Xankəndi şəhərində keçirilib.

Düşərgədə dünyanın 61 ölkəsindən 128 azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqları təmsil edən gənclər iştirak edib.

Açılış mərasimində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva, Heydər Əliyev Fondunun nümayəndəsi Aydan Ramazanova, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev çıxış edib.

Gənclərin düşərgə çərçivəsində Azərbaycan Respublikası Prezidentinin İşğaldan azad olunmuş rayonlardakı nümayəndələri ilə, diplomatlarla, ölkəmizin görkəmli mədəniyyət xadimləri və məşhur idmançılarla, şəhid ailələri və qazilərlə, Xankəndidə, eləcə də Qərbi Azərbaycanda doğulub-böyüyən ziyalılarla görüşləri təşkil olunub. Onlar eyni zamanda maraqlı panel və seminarlara qatılıb, işğaldan azad olunan rayonlara səfər edib. Azərbaycan dili dərslərində, əyləncəli, intellektual oyun və yarışlarda, müxtəlif istiqamətli təlimlərdə biliklərini artırıblar.

Xankəndi şəhərindən böyük təəssüratla ayrılan düşərgə iştirakçıları ilk dəfə səfər etdikləri Qarabağda unudulmaz bir həftə keçirdiklərinə, dünya azərbaycanlı gəncləri ilə bir araya gəldiklərinə görə təşkilatçılara minnətdarlıqlarını bildirib, bu layihənin uzunömürlü olmasını arzulayıblar.

Düşərgə iştirakçıları, həmçinin Prezident İlham Əliyevin ABŞ-dəki görüşünü - möhtəşəm tarixi anları böyük maraq, coşqu və həyəcanla izləməsini, 61 ölkəni təmsil edən bu qədər gəncin dövlət başçısını bir arada dəstəkləməsini həyatlarının unudulmaz anı kimi xatırlayacaqlarını ifadə ediblər.

Diaspor gənclərinin bundan əvvəlki yay düşərgələri Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində təşkil olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin irihəcmli və uzunmüddətli layihələrindən olan Diaspor Gənclərinin Yay Düşərgələri həm ölkə daxilində, həm də diaspor arasında böyük rəğbətlə qarşılanıb, xüsusi marağa səbəb olub.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol