Diaspor Gənclərinin III Yay Düşərgəsi
Diasporla İş üzrə Dövlət Komitəsi Heydər Əliyev Fondu ilə birlikdə 2022-ci ilin 2-8 avqust tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Diaspor Gənclərinin III Yay Düşərgəsini təşkil edib.
Düşərgənin tərəfdaşları Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi olub.
Bu möhtəşəm layihədə 50 ölkəni təmsil edən 115 nəfər iştirak edib. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri, o cümlədən Qarabağ xanlığının banisi Pənahəli xanın varisi və Vətən Müharibəsi Qəhrəmanının övladı da olub.
Layihənin xalqımızın Qarabağda parlaq qələbəsindən və Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayından sonraya təsadüf etməsi xüsusi önəm daşıyır. 2022-ci il aprelin 22-23-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xaricdə yaşayan azərbaycanlıları hər zaman tarixi Vətənlə əlaqələrini kəsməməyə, vaxtaşırı Azərbaycana səfər etməyə, ana dilini unutmamağa, Azərbaycan tarixini və mədəniyyətini öyrənməyə, Azərbaycan həqiqətlərini dost xalqların diasporları ilə birlikdə təbliğ etməyə çağırıb. Bu mənada Diaspor Gənclərinin Yay düşərgələri Azərbaycan Prezidentinin tövsiyələrinin gerçəkləşdirilməsi kimi də qiymətləndirilə bilər.
Düşərgənin açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva, gənclər və idman naziri Fərid Qayıbov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin direktoru Məhəmməd Abdullayev, İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Ayaz Əliyev və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov çıxış ediblər.
Yay düşərgəsinin proqramına Şuşanın işğal dövründə dağıdılmış abidələri ilə tanışlıq, Cıdır düzünü, İsa bulağını, Vaqifin məqbərəsini və digər tarixi abidələri ziyarət, dövlət qurumlarının nümayəndələri, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə, tarixçi alimlər, incəsənət xadimləri və tanınmış blogerlərlə görüşlər, eləcə də gənclər üçün əyləncəli proqramlar, intellektual oyunlar daxil olub.
Düşərgənin hər günü yoqa üzrə ixtisaslaşmış təlimçi Ruqiyyə Əşrəflinin apardığı dərslə başlayıb. Azərbaycan Dillər Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müəllimi Səbinə Əliyeva isə düşərgə iştirakçılarına Azərbaycan dili təlimini tədris edib.
“Azərbaycan diasporu və dövlət gənclər siyasəti”, “Dövlət qurumları ilə ictimai əlaqələrin qurulması”, “Layihələrin yazılması və “Fundraising” prosesinin təşkili”, “Azərbaycanın müstəqillik tarixi”, “Xalq diplomatiyasında və lobbi fəaliyyətinin qurulmasında diaspor gənclərinin rolu”, “Qarabağın inkişaf strategiyası”, “Şəbəkənin genişləndirilməsi və Azərbaycan Diaspor Gənclərinin (ADG) təqdimatı” mövzularında keçirilən panellər diaspor gəncləri tərəfindən maraqla qarşılanıb. Onlar ölkəmizi uğurla təmsil etmək bacarıqları, şəbəkələşmək və yeni dostlar qazanmaq imkanları əldə ediblər.