Polşada Azərbaycan diasporunun əməkdaşlıq əlaqələri yeni məzmun qazanır

23 oktyabr, 2026

Polşada Azərbaycan diasporunun əməkdaşlıq əlaqələri yeni məzmun qazanır

Polşada Azərbaycan diasporunun fəaliyyətinin inkişafı, yerli akademik və ictimai qurumlarla əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də milli-mədəni irsimizin təbliği istiqamətində mühüm təşəbbüslər həyata keçirilir.

Bu istiqamətdə atılan addımlardan biri Krakov şəhərində fəaliyyət göstərən “Xarıbülbül” Dünya Azərbaycanlılarının Mədəniyyət Assosiasiyası ilə Krakov Milli Təhsil Komissiyası Universitetinin Pedaqogika İnstitutu arasında əməkdaşlıq memorandumunun imzalanmasıdır.

Sənədi Assosiasiyanın İdarə Heyətinin sədri Sedat Şamilli, Pedaqogika İnstitutunun direktoru, professor Jan Rys və universitetin Fənlərarası Tədqiqatlar və Multikultural Təhsil kafedrasının rəhbəri, professor Lukasz Albanski imzalayıblar.

Memorandum elm, təhsil, mədəniyyət və sosial sahələrdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini, akademik mühitlə qeyri-hökumət təşkilatları arasında əlaqələrin genişləndirilməsini və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Sənədə əsasən, tərəflər elmi konfransların, seminarların və təlimlərin təşkili, tələbələr üçün təcrübə və könüllülük imkanlarının yaradılması, birgə elmi tədqiqatların aparılması, eləcə də mədəniyyətlərarası dialoqun və sosial inteqrasiyanın təşviqi istiqamətində əməkdaşlıq edəcəklər.

Polşada diplomatik nümayəndəliklərlə əlaqələrin möhkəmləndirilməsi Azərbaycan icmasının inkişafı və soydaşlarımızın milli maraqlar ətrafında birliyinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Polşa Respublikasına yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərovun Krakov şəhərində yerləşən Azərbaycan Evini ziyarət etməsi gələcək təşəbbüslər üçün əlverişli imkanlar yaradıb.

Görüşdə Azərbaycan Evinin fəaliyyəti, həyata keçirilən layihələr, eləcə də səfirliklə Azərbaycan diasporu arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Polşada yaşayan soydaşlarımızın milli-mədəni irsimizin qorunması və təbliğindəki rolunun əhəmiyyətinə diqqət çəkilib, gələcək birgə təşəbbüslərin və əməkdaşlığın inkişafı üçün mövcud imkanlardan səmərəli istifadənin vacibliyi vurğulanıb.

Azərbaycan Evinin nümayəndələri göstərilən diqqətə görə səfirə təşəkkürlərini bildirib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıblar. Səmimi şəraitdə keçən görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki diaspor təşkilatlarının yerli qurumlarla əlaqələrinin genişləndirilməsinə və beynəlxalq əməkdaşlıq imkanlarının artırılmasına dəstək verir. Bu cür tərəfdaşlıqlar soydaşlarımızın fəaliyyətinin daha geniş auditoriyaya çatdırılmasında, eləcə də müxtəlif sahələrdə beynəlxalq əlaqələrin inkişafında mühüm rol oynayır.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər