Estoniyada Azərbaycan icmasının diplomatik və mədəni əməkdaşlığı genişlənir
23 oktyabr, 2026
Estoniyada Azərbaycan milli-mədəni irsinin qorunması və təbliği istiqamətində həyata keçirilən fəaliyyətlərə yerli ictimaiyyətin və rəsmi dairələrin göstərdiyi diqqət Azərbaycan icmasının əməkdaşlıq imkanlarının inkişafında mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Estoniya parlamentinin deputatı, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Mariya Yufereva-Skuratovskinin 18 Oktyabr - Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü münasibətilə Estoniyadakı Azərbaycan Evinin rəhbəri Zəhra Qəhrəmanlıya ünvanladığı təbrik məktubu xüsusi əhəmiyyət kəsb edir.
Parlamentlərarası dostluq qrupu adından göndərilən məktubda müstəqilliyin qorunmasının, ana dilinə və milli mədəniyyətə sahib çıxmağın, eləcə də Vətənlə bağlılığın yaşadılmasının əhəmiyyəti vurğulanıb.
Məktubda Azərbaycan Evinin Estoniyada milli-mədəni irsimizin qorunması və təbliği istiqamətində fəaliyyəti yüksək qiymətləndirilib, Evin gələcək fəaliyyətinə uğurlar arzulanıb. Həmçinin icmalararası dialoqun və mədəni əməkdaşlığın Azərbaycan və Estoniya xalqları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynadığı qeyd edilib. Deputat bu əlamətdar gün münasibətilə Estoniyada yaşayan soydaşlarımıza da təbriklərini çatdırıb, Azərbaycan xalqına davamlı sülh və firavan gələcək arzulayıb.
Azərbaycan Evi göstərilən diqqətə və ünvanlanan xoş arzulara görə deputat Mariya Yufereva-Skuratovskiyə minnətdarlığını bildirib.
Məlumat üçün bildirək ki, cari ilin sentyabr ayında Azərbaycan Evinin rəhbəri Zəhra Qəhrəmanlı və “İrs Azərbaycan - Estoniya” Gənclər Mərkəzinin sədri Nəzrin Cəfərova Azərbaycan mədəniyyətinin təbliğinə və xalqlar arasında mədəni əlaqələrin inkişafına verdikləri töhfələrə görə Estoniya Mədəniyyət Nazirliyinin təşəkkürnamələri ilə təltif olunublar.
Azərbaycan Respublikasının Estoniya Respublikasına yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Nemət Nağdəliyevin bu ölkədə yaşayan soydaşlarımızla görüşü də əlaqələrin möhkəmləndirilməsi və diaspor fəaliyyətinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyıb.
Azərbaycan icmasının ağsaqqalları və Baltikyanı ölkələrdə yaşayan azərbaycanlıların Koordinasiya Şurasının koordinatoru Orxan Oktain ilə keçirilən görüşdə Azərbaycan icmasının fəaliyyəti, diaspor nümayəndələri ilə səfirlik arasında əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Həmçinin Estoniyada yaşayan soydaşlarımızın diaspor fəaliyyətinə daha fəal cəlb edilməsi, milli maraqlar ətrafında həmrəyliyinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və milli-mədəni irsimizin tanıdılması məqsədilə birgə təşəbbüslərin vacibliyi vurğulanıb.
İcma nümayəndələri səfiri yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb, göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.
Foto qalereya
Digər xəbərlər
