Azərbaycanlı alim Stanford Universitetinin siyahısında yüksək mövqeyini qoruyur
23 oktyabr, 2026
Stanford Universiteti və “Elsevier” nəşriyyatının hazırladığı dünyanın ən nüfuzlu alimlərinin 2026-cı il üzrə yenilənmiş reytinq siyahısında azərbaycanəsilli alim, professor Abdulla Avey (Sofiyev) yüksək göstərici ilə yer alıb. Belə ki, Stanford Universitetinin alimləri tərəfindən “Elsevier”in Scopus məlumatları əsasında hazırlanan və alimlərin elmi təsirini istinad göstəricilərinə görə qiymətləndirən beynəlxalq məlumat bazasının (“Updated Science-Wide Author Databases of Standardized Citation Indicators”) 9-cu versiyasına 243 min 960 alim daxil edilib. Bu da dünyanın ən nüfuzlu alimlərinin ilk 2 faizini əhatə edir.
Siyahıda müxtəlif ölkələrdə çalışan azərbaycanəsilli alimlər də təmsil olunurlar. Onların arasında ən yüksək göstərici isə professor Abdulla Aveyə məxsusdur. Hazırda Türkiyənin İstanbul Ticarət Universitetində elmi-pedaqoji fəaliyyətini davam etdirən professor nəzəri və tətbiqi mexanika, riyazi modelləşdirmə, kompozit və nanokompozit materiallar, funksional qradiyentli konstruksiyalar, lövhə və qabıqların dayanıqlığı, sərbəst və qeyri-xətti rəqslər sahəsində tədqiqatları ilə tanınır.
Alimin elmi əsərləri nüfuzlu beynəlxalq jurnallarda dərc olunub və müxtəlif ölkələrin tədqiqatçıları tərəfindən istinad edilib. Professor Sofiyev ölkəmizdə Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də Odlar Yurdu Universiteti ilə elmi əməkdaşlıq edir. Onun beynəlxalq tədqiqat layihələrində iştirakı və xarici alimlərlə birgə nəşrləri Azərbaycan-Türkiyə elmi əlaqələrinin inkişafına da töhfə verir.
Qeyd edək ki, Stanford–Elsevier məlumat bazasında alimlərin elmi fəaliyyəti istinadların sayı, h-indeksi, həmmüəlliflik göstəriciləri və digər bibliometrik meyarlar əsasında qiymətləndirilir.
Abdulla Sofiyev Dünya Azərbaycanlı Alimlər Birliyinin və Türkiyənin Azərbaycanlı Alimlər Dərnəyinin üzvüdür. İstanbul Ticarət Universitetinin professoru kimi Azərbaycan-Türkiyə ali təhsil müəssisələri və tədqiqat mərkəzlərində son illərdə apardığı fundamental və tətbiqi araşdırmalarla ölkəmizin və Türkiyənin beynəlxalq nüfuzunun yüksəlməsinə, elmi-innovativ potensialının güclənməsinə və Azərbaycan–Türkiyə akademik əlaqələrinin daha da inkişafına mühüm töhfələr verib. O, dəfələrlə beynəlxalq reytinq institutları tərəfindən müxtəlif nomisiyalarda ən nüfuzlu alimlərin siyahısında daxil edilib.
Məhz o, bu xidmətlərinə görə 2025-ci ildə "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı ilə təltif olunub.
Digər xəbərlər
