Kalqaridə yaşayan Azərbaycan icması məşhur paradda ölkəmizi təmsil edib
11 iyul, 2024Kanadanın Kalqari şəhərində yaşayan Azərbaycan icması Kalqaridə keçirilən məşhur “Stampede” paradında Azərbaycanı təmsil edib. Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyəti tərəfindən ölkəmizin mədəniyyəti nümayiş olunub.
Paradda milli ornamentlərlə bəzədilmiş xüsusi konstruksiyalı nəqliyyat vasitəsilə Qız qalası modeli, Azərbaycan xalçası, odlar yurdunu tərənnüm etdirən alov maketləri, musiqi alətləri, Qarabağ atlarının və Şuşa qalasının təsviri tədbir iştirakçılarına nümayiş etdirilib. Avstraliyada yaşayan soydaşımız Cəmilə Cavanşirin dizayn müəllifi olduğu sözügedən xüsusi konstruksiyalı nəqliyyat İradə Şamilova və Aleks Qubski eləcə də digər icma fəallarının köməyi ilə hazırlanıb.
Azərbaycan bayrağı və milli musiqi sədaları altında irəliləyən qrupu təxminən 300 000 nəfərə yaxın Kalqari əhalisi izləyib. Paradın onlayn izləyici sayı isə 5 milyon nəfərə çatıb. İcmamız tamaşaçılar tərəfindən alqışlar, həmvətənlərimiz tərəfindən sevinc və qürur hissi ilə qarşılanıb.
1912-ci ildən keçirilən “Stampede” paradı dünyada ən böyük açıq hava şoularından biridir. Hər il müxtəlif ölkələrin rəngarəng çıxışları ilə müşayiət olunan paradda icmamız ilk dəfə iştirak edib.
Qeyd edək ki, icmamızın tədbirdə iştirakı Kanada televiziyasında geniş işıqlandırılıb. Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyətinin rəhbəri Ceyhun Nəcəfli tədbirdə Azərbaycanın iştirakına səy göstərmiş bütün könüllülərə təşəkkürünü bildirib.
Foto qalereya
Digər xəbərlər