Zmiyovda Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinkanın xatirəsi anılıb

11 avqust, 2026

Zmiyovda Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinkanın xatirəsi anılıb

Xarkov Vilayət “Dostluq” Azərbaycan-Ukrayna Dostluğu Cəmiyyətinin təşəbbüsü ilə Zmiyov şəhərində Azərbaycanın Milli Qəhrəmanı, əslən Ukraynadan olan Ruslan Polovinkanın xatirəsi anılıb.

Anım mərasimində qəhrəmanın ailə üzvləri, Xarkov Vilayət “Dostluq” Azərbaycan-Ukrayna Dostluğu Cəmiyyətinin sədri Murad Ömərov, Zmiyov şəhərinin meri Pavel Holodnikov, Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov, Azərbaycan diasporunun və şəhər meriyasının nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ruslan Polovinkanın məzarını ziyarət ediblər. Daha sonra Xarkov Vilayət “Dostluq” Azərbaycan-Ukrayna Dostluğu Cəmiyyətinin təşəbbüsü ilə 2016-cı ildə qəhrəmanın təhsil aldığı Zmiyov 1 nömrəli liseyinin binasında ucaldılan xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.

Anım mərasimində çıxış edənlər qəhrəmanın ailəsinə dərin minnətdarlıqlarını ifadə edib, Ruslan Polovinkanın Azərbaycan və Ukrayna xalqları arasında dostluğun rəmzlərindən biri olduğunu vurğulayıblar. Həmçinin onun Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həyatını itirən qəhrəmanlar sırasında Azərbaycan xalqının minnətdar yaddaşında əbədi yaşayacağını bildiriblər.

Ruslan Polovinka Azərbaycan Hərbi Hava Qüvvələrinin Bakıdakı helikopter eskadrilyasında xidmət edib. Birinci Qarabağ müharibəsi zamanı döyüş əməliyyatları zonasına cəlb olunan Ruslanın ekipajı həlak olan hərbçilərin və yaralıların döyüş meydanından təxliyəsi üzrə əməliyyatlar həyata keçirib. Növbəti belə əməliyyat zamanı ekipajın olduğu helikopter düşmənin raket zərbəsi nəticəsində vurulub.

Birinci Qarabağ müharibəsində göstərdiyi şücaət və qəhrəmanlığa görə Ruslan Polovinkaya (ölümündən sonra) Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 14 sentyabr tarixli Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər