Lüksemburqda Azərbaycanın Zəfər Günü qeyd olunub
24 noyabr, 2026
Lüksemburq Böyük Hersoqluğunda Azərbaycanın 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Azərbaycan-Lüksemburq Dostluq Assosiasiyasının (LuxAz) təşkilatçılığı və Azərbaycanın Belçikadakı Səfirliyinin dəstəyi ilə silsilə tədbirlər keçirilib.
Tədbirlər çərçivəsində Lüksemburqun biznes və kommersiya komplekslərində, eləcə də müxtəlif şirkətlərin ofis binalarında yerləşən rəqəmsal ekranlarda Azərbaycana və Zəfər Gününə həsr olunan məlumatlandırma kampaniyası yayımlanıb. İngilis dilində hazırlanan videoçarxda tarixi yaddaşın qorunması, Zəfərin xatırlanması ön plana çəkilib. “Bigbang Luxembourg” şirkətinin təqdim etdiyi statistik hesabata əsasən, bir günlük yayım müddətində 89 861 keçid qeydə alınıb və 65 469 zəmanətli reklam nümayişi təmin edilib.
Lüksemburq şəhərində yerləşən LuxAz Mərkəzində keçirilən tədbirdə Azərbaycan–Lüksemburq Dostluq Assosiasiyasının (LuxAz) sədri Seymur Əhmədov, sədr müavinləri İlkin Səmədov, Sevinc Ömərli və Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyinin birinci katibi Emin Rüstəmov çıxış edib. Çıxışlarda 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün bərpası, qəhrəman şəhidlərin xatirəsinin yaşadılması eləcə də xaricdə yaşayan azərbaycanlılar arasında milli kimliyin və mədəni irsin qorunmasının vacibliyi diqqətə çatdırılıb.
Vətən müharibəsi qazisi Amin Musayev tədbirə onlayn qoşulub. O, müharibə dövründə yaşadığı hadisələr, döyüş xatirələri, şəxsi təcrübələri və çətin anlarda ona güc verən dəyərlər haqqında danışıb.
Daha sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə istehsal olunan “Torpağı sanı yaşayasan” qısametrajlı bədii filmi nümayiş etdirilib.
Tədbir bədii hissə ilə davam edib. Pianoçu Mədinə Axundova və gitaraçı Vasif Cavadlının ifasında görkəmli Azərbaycan bəstəkarları – Üzeyir Hacıbəyovun “Sevgili canan” və “Sənsiz”, Vaqif Mustafazadənin “Mart”, Qara Qarayevin “Eskiz”, Adil Bəbirovun “Prelüd -Skertso”, Fəridə Quliyeva “Küçələrə su səpmişəm” (işləmə) əsərləri rəğbətlə qarşılanıb.
Tədbirin davamında Azərbaycan tarixi və Zəfər Gününə həsr olunan interaktiv bilik yarışması təşkil edilib. Yarışmanın üç qalib iştirakçısına hədiyyələr təqdim edilib.
LuxAz tədbirlərin təşkilinə dəstəyə görə Azərbaycanın Belçika və Lüksemburqdakı Səfirliyinə, filmin nümayişinə verdiyi dəstəyə görə isə Azərbaycan Respublikasının Kino Agentliyinə (ARKA) təşəkkür edib.
Foto qalereya
Digər xəbərlər
