Melburnda yaşayan soydaşımızdan Azərbaycan dilini və mədəniyyətini tanıdan yeni layihə
24 noyabr, 2026
Avstraliyanın Melburn şəhərində yaşayan, Viktoriya Azərbaycan Mədəniyyət Assosiasiyasının (Azerbaijani Cultural Association of Victoria – ACAV) fəal üzvü Rəna İbrahimova xaricdə yaşayan azyaşlı soydaşlarımız üçün "Roozie" adlı uşaq kitabları seriyasını hazırlayıb.
Seriyanın baş qəhrəmanı Avstraliyadan olan Roozie adlı kenqurudur. O, müxtəlif səyahətlərə çıxaraq balaca oxucuları Azərbaycanın şəhərləri, tarixi, mədəniyyəti, adət-ənənələri və gündəlik həyatı ilə tanış edir. Nəşrlər uşaqların ölkəmiz haqqında biliklərini maraqlı və interaktiv formada zənginləşdirməyə xidmət edir.
Kitablar ingilis dilində hazırlanıb. Bununla yanaşı, mətnlərdə Azərbaycan dilində söz və ifadələrə də yer verilib. Hər kitabın sonunda yeni sözlərin öyrənilməsini asanlaşdıran lüğət bölməsi təqdim olunur.
Layihənin əsas məqsədi xaricdə yaşayan azərbaycanlı uşaqlarda ana dilinə, milli kimliyə və mədəni irsə bağlılığı möhkəmləndirmək, eyni zamanda ölkəmizin zəngin mədəniyyətini beynəlxalq auditoriyaya tanıtmaqdır.
"Roozie" kitabları həm rəqəmsal (PDF), həm də sərt üzlü çap formatında oxuculara təqdim edilir. Layihə çərçivəsində uşaqlar üçün fərdiləşdirilmiş kitabların hazırlanması imkanı da yaradılıb.
Qeyd edək ki, layihə xaricdə yaşayan azərbaycanlı ailələrin övladlarının Azərbaycan dili və milli-mədəni dəyərlərlə tanışlığının gücləndirilməsinə yönəlmiş təşəbbüslərdən biridir.
Layihə haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür:
https://www.instagram.com/roozie_kangaroo?evlk=NG1nbWZpd2dzN2Rx
Foto qalereya
Digər xəbərlər
