Böyük Britaniyada Azərbaycanın multikultural dəyərlərinə həsr olunan tədbir keçirilib
24 noyabr, 2026
Böyük Britaniyanın Hertfordşir qraflığının Borehamvud şəhərində Azərbaycanın zəngin mədəni irsinə, dini tolerantlıq və multikulturalizm ənənələrinə həsr olunan “Azərbaycana xoş gəlmisiniz” adlı tədbir keçirilib.
Müqəddəs Mixail və Bütün Mələklər Kilsəsində keçirilən tədbirdə müxtəlif dini və mədəni icmaların nümayəndələri iştirak ediblər.
Tədbirdə din xadimi, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı keşiş Luiza Kollins, Hertsmir Boro Şurasının üzvü Alfa Börd Kollins ölkəmizə səfərləri ilə bağlı təəssüratları bölüşüblər. Azərbaycanın dini və mədəni müxtəlifliyi, ölkədə müxtəlif icmaların sülh və qarşılıqlı hörmət şəraitində birgəyaşayış ənənələri barədə fikirlər səsləndiriblər. Həmçinin səfərin təşkili və Azərbaycanın mədəni, dini və sosial müxtəlifliyi ilə tanışlıq imkanlarının yaradılmasına görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıq bildirilib.
Böyük Britaniyadakı Azərbaycan diasporunun nümayəndəsi Aqşin Kərimov çıxışında bildirib ki, dini və mədəni fərqlərdən asılı olmayaraq, insanları sülh, dostluq, qarşılıqlı hörmət və anlaşma kimi ümumbəşəri dəyərlər birləşdirir. O bu cür tədbirlərin müxtəlif icmalar arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb.
Tədbir çərçivəsində Azərbaycanın mədəni irsini və dini müxtəlifliyini əks etdirən təqdimat nümayiş olunub, milli musiqi nümunələri səsləndirilib.
Məlumat üçün bildirək ki, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyilə oktyabrın 26-dan 31-dək Azərbaycanda səfərdə olan Luiza Kollins və Alfa Börd Kollins VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak ediblər. Səfər çərçivəsində qonaqlar ölkənin zəngin mədəni irsi və dini müxtəlifliyi ilə yaxından tanış olub, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsində olublar.
Foto qalereya
Digər xəbərlər
