“Zəfərin qəhrəmanları”
18 noyabr, 2026
İspaniyanın Barselona şəhərində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunan “Zəfərin qəhrəmanları” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin dəstəyi, Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin və Barselona Azərbaycan Evinin birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də İspaniyanın Toledo bölgəsində baş vermiş dəmiryolu qəzasında həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin sədri, Barselona Azərbaycan Evinin rəhbəri Kərim Kərimov torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsinin daim yaşadılmasının və tarixi yaddaşın gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib. Dünya xalqlarına sülh, əmin-amanlıq, birlik və dostluq arzulayıb.
Tədbirdə, həmçinin Dövlət Bayrağı Gününün tarixi əhəmiyyətinə toxunulub, üçrəngli bayrağımızın xalqımızın milli kimliyinin, dövlət müstəqilliyinin və azadlıq ideallarının rəmzi kimi daşıdığı mənəvi dəyərdən bəhs olunub.
Bədii hissədə Zəfər Günü haqqında videoçarx nümayiş etdirilib, Azərbaycan və İspaniya musiqi ənənələrini bir araya gətirən xüsusi proqram təqdim olunub. “Banda Turca” türk musiqi qrupunun ifaları tədbirə xüsusi rəng qatıb. Qonaqlar Azərbaycanın tarixi, mədəniyyəti və turizm imkanları haqqında məlumatları əks etdirən nəşr və broşürlərlə tanış olublar.
Tədbir Azərbaycanın şanlı Zəfərinin və mədəniyyətinin İspaniyada tanıdılmasına, eləcə də iki ölkə arasında dostluq və mədəni əlaqələrin inkişafına töhfə verib.
Foto qalereya
Digər xəbərlər
