Qaraçöpdə 8 Noyabr - Zəfər Günü qeyd olunub

18 noyabr, 2026

Qaraçöpdə 8 Noyabr - Zəfər Günü qeyd olunub

Gürcüstanın Saqareco rayonunun Qaraçöp mahalında fəaliyyət göstərən “Parlaq Gələcək” Tədris Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib.

Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mərkəzin direktoru Mustafa Süleymanov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı ilə qazanılan tarixi Qələbənin xalqımızın birliyinin və həmrəyliyinin təcəssümü olduğunu bildirib. Direktor şagirdləri Vətənə layiqli vətəndaş olmaq üçün təhsildə uğurlar qazanmağa çağırıb.

Daha sonra mərkəzin müəllimləri və digər iştirakçılar işğaldan azad edilən ərazilərdə aparılan bərpa və quruculuq işlərindən söz açıblar. Qələbənin bütün dünya azərbaycanlılarında yaratdığı qürur hissini və tarixi ədalətin bərpasını vurğulayan çıxışçılar gənc nəslin öz tarixini dərindən öyrənməsinin, milli-mənəvi dəyərlərə bağlı yetişməsinin vacibliyini diqqətə çatdırıblar.

Tədbirin bədii hissəsində şagirdlər Zəfər Gününə, Vətənə və qəhrəmanlarımıza həsr olunan şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər