Polotskda Nar Bayramı keçirilib
18 noyabr, 2026
Belarusun Polotsk şəhərində 2020-ci ildə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilən Azərbaycanın Nar bayramı qeyd olunub.
Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Polotsk Şəhər Mədəniyyət Sarayında baş tutub.
Əvvəlcə Azərbaycan mədəniyyətini, milli adət-ənənələrini və narın simvolik əhəmiyyətini əks etdirən nümunələr, eləcə də müxtəlif milli nemətlər sərgilənib.
Mərkəzin rəhbəri Fuad İbrahimov çıxışında göstərilən qonaqpərvərliyə və tədbirdə iştirakına görə Polotsk şəhər rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbirin bədii hissəsində Azərbaycan opera sənətinin tanınmış nümayəndələrinin iştirakı ilə konsert proqramı təqdim olunub. Səhnədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artist Fidan Hacıyeva, Əməkdar artist Fərid Əliyev, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Nərgiz Kərimova, eləcə də opera və estrada müğənnisi, beynəlxalq müsabiqələr laureatı Rauf Məmmədzadə çıxış ediblər. Azərbaycan musiqisinin incilərinin səsləndirildiyi konsert iştirakçılara ölkəmizin zəngin musiqi irsi ilə yaxından tanış olmaq imkanı yaradıb.
Foto qalereya
Digər xəbərlər
