Zəfər sevinci Danimarkadakı soydaşlarımızı bir araya gətirib

13 noyabr, 2026

Zəfər sevinci Danimarkadakı soydaşlarımızı bir araya gətirib

Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə Kopenhagendə yerləşən Azərbaycan Evində 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Cəmiyyətin sədri Mehriban Səfər Əliyeva və sədr müavini Amid Hüseynov çıxışlarında 44 günlük Vətən müharibəsinin yaddaşlara həkk olunan tarixi məqamlarından, Danimarkada yaşayan azərbaycanlıların nümayiş etdirdiyi həmrəylikdən, eləcə də Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlərdən bəhs ediblər.

Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Zəfərin dünya azərbaycanlıları üçün əbədi qürur və milli birlik rəmzi olduğu vurğulanıb.

Daha sonra Zəfər Gününə həsr olunan videoçarx nümayiş etdirilib, daha sonra “Kahoot” platforması vasitəsilə iştirakçılar arasında Azərbaycanın tarixi və Zəfər salnaməsinə dair bilik yarışı təşkil olunub.

Tədbir iştirakçıların Vətən sevgisini, xalqımızın birliyini və tarixi qələbəmizin yaratdığı qürur hissini əks etdirən xoş ovqatda davam edib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər