İsveçdə şanlı Zəfərimizin altıncı ildönümü qeyd olunub

13 noyabr, 2026

İsveçdə şanlı Zəfərimizin altıncı ildönümü qeyd olunub

İsveçin Yöteborq şəhərində Azərbaycanın şanlı Zəfərinin altıncı ildönümü münasibətilə musiqili tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının və Azərbaycan Qarabağ Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Proqram Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Yöteborq şəhəri üzrə koordinatoru, Azərbaycan Qarabağ Mərkəzinin rəhbəri Ülviyyə Nəcəfova çıxışında iştirakçıları Zəfər Gününün altıncı ildönümü münasibətilə təbrik edib. O, tarixi qələbəni xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib. Bu günləri qürur hissi ilə yaşamağın hər bir azərbaycanlı üçün böyük xoşbəxtlik olduğunu vurğulayıb.

İsveçin Partille bölgəsi üzrə deputat seçilən soydaşımız Turan Əliyev çıxış edərək şanlı Zəfərimizin tarixi və milli əhəmiyyətindən danışıb.

Daha sonra Qarabağın tarixi, 30 illik işğal dövründə bölgədə törədilmiş dağıntılar, eləcə də hazırda azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs edən videoçarxlar nümayiş olunub. “Xarı Bülbül” rəqs qrupunun ifasında milli rəqslərimiz təqdim edilib. İstedadlı gənclər Fatma Hüseyn və Oğuzxan Hüseyn piano ifaları ilə tədbir iştirakçılarına xoş anlar yaşadıblar.

Proqramın sonunda Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri və iştirakçıları diplom, medal və hədiyyələrlə təltif ediliblər.

Milli musiqimizin və rəqslərimizin təqdim olunduğu, səmimi çıxışlar və həmrəylik ruhunun hökm sürdüyü tədbir soydaşlarımızın Vətənə və milli-mənəvi dəyərlərimizə bağlılığını bir daha nümayiş etdirib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər