Afinada şanlı Zəfər Günü qeyd olunub
13 noyabr, 2026
Yunanıstanın paytaxtı Afinada 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı səfirliyinin dəstəyi ilə baş tutub.
Tədbirdə Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Arif Məmmədov, Şərqi Avropa ölkələrində yaşayan azərbaycanlıların Koordinasiya Şurasının Afina üzrə koordinatoru Jalə İsgəndərova, Saloniki üzrə koordinatoru, Saloniki Azərbaycan Evinin rəhbəri və “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov iştirak edib.
Azərbaycan Evinin rəhbəri Rəşid Məmmədov çıxışında 8 Noyabr tarixinin dünya azərbaycanlıları üçün böyük qürur, sevinc və milli həmrəylik rəmzi olduğunu bildirib. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər 30 ilə yaxın davam edən işğala son qoyub, torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü və milli ləyaqətimiz bərpa olunub.
Çıxışlarda şanlı Zəfərin şəhidlərimizin müqəddəs qanı, qazilərimizin qəhrəmanlığı və xalqımızın sarsılmaz iradəsi hesabına əldə edildiyi vurğulanıb. Xaricdə yaşayan soydaşlarımızın da hər zaman Azərbaycanın yanında olduğu bildirilib, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, qazilərimizə möhkəm cansağlığı arzulanıb.
Tədbirdə, həmçinin işğaldan azad edilmiş ərazilərimizi, doğma torpaqlarımızda üçrəngli bayrağımızın əzəmətlə dalğalanmasını, eləcə də Prezident İlham Əliyevin tarixi çıxışlarını əks etdirən fotolar nümayiş etdirilib. Sərgi tədbir iştirakçılarında böyük maraq yaradıb.
Sonda xarici ölkələrdə yaşayan azərbaycanlılara göstərilən diqqət və dəstəyə, diaspor fəaliyyətinin inkişafına verilən töhfələrə görə Azərbaycan dövlətinə minnətdarlıq ifadə olunub.
Foto qalereya
Digər xəbərlər
