“Odlar Yurdu”nun idmançıları qələbələrini Zəfər Gününə həsr ediblər

13 noyabr, 2026

“Odlar Yurdu”nun idmançıları qələbələrini Zəfər Gününə həsr ediblər

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Boks İdman Klubu beynəlxalq “Elbe BOXPOKAL” turnirində iştirak edib.

“Odlar Yurdu”, “BSV Return to Fight” və “Keirat” boks klublarının birgə təşkilatçılığı ilə baş tutan yarışda Avropanın bir sıra ölkələrini, eləcə də Almaniyanın müxtəlif şəhərlərini təmsil edən idmançılar mübarizə aparıblar. “Odlar Yurdu”nun idmançıları turnirdə əzmlə mübarizə apararaq uğurlu nəticələr əldə ediblər. Onlar qazandıqları qələbələri 8 Noyabr – Zəfər Gününə həsr etdiklərini bildiriblər.

Müxtəlif yaş qrupları üzrə təşkil olunan yarışın yekununda qaliblər kubok və mükafatlarla təltif olunublar.

“Odlar Yurdu”nun rəhbəri, IBF Avropa kəmərinin və bir sıra digər beynəlxalq kəmərlərin sahibi, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Azad Əzizov bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfər hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir. Onun sözlərinə görə, bu sevinci idman uğurları ilə qeyd etmək, Azərbaycan xalqının qürur və sevincinə öz töhfələrini vermək “Odlar Yurdu” klubunun idmançıları üçün xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, “Odlar Yurdu” Boks İdman Klubunun üzvlərinin müxtəlif turnirlərdə uğurla çıxışı Azərbaycan idmanının beynəlxalq arenada tanıdılmasına və ölkəmizin idman nüfuzunun yüksəlməsinə töhfə verir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər