Zalsburqda müasir Azərbaycanın uğurlarından danışılıb
4 iyun, 2026
Avstriyanın Zalsburq şəhərində yerləşən Azərbaycan Evində 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib
Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan tədbirdə Avstriyadakı soydaşlarımız, diaspor fəalları, gənclər və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Zalsburq Azərbaycan Evinin rəhbəri Fərid Əzizov soydaşlarımızı müqəddəs Qurban bayramı, 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, xalqımızın müstəqillik uğrunda apardığı mübarizədən və bu gün müasir Azərbaycanın əldə etdiyi uğurlardan bəhs edib.
Avstriya Azərbaycanlıları Cəmiyyətinin nümayəndəsi Həcər Bağcı milli kimliyin qorunmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında və birlik ruhunun daha da gücləndirilməsində Azərbaycan diasporunun, xüsusilə gənclərin fəallığından danışıb.
Tədbirdə Azərbaycanın zəngin tarixi, mədəni irsi, milli-mənəvi dəyərləri və müasir inkişaf yolunu əks etdirən qısametrajlı film böyük maraqla izlənilib. Qonaqlar ölkəmizin mədəni zənginliyini, milli adət-ənənələrini və Qarabağın möhtəşəm təbiətini əks etdirən fotosərgi ilə tanış olublar.
Tədbirin bədii hissəsində pianoçu Məryəm Muxtarovanın ifasında Azərbaycanın klassik və milli musiqiləri iştirakçılarda xoş təəssüratlar yaradıb.
Sonda tədbirin təşkilində əməyi olanlara minnətdarlıq edilib, belə toplantıların Azərbaycan diasporunun birliyi və gələcək nəsillərin milli ruhda yetişməsi baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Foto qalereya
Digər xəbərlər
