Zalsburq və Maqdeburqda şəhidlərin əziz xatirəsi ehtiramla anılıb
30 sentyabr, 2026
Avstriyanın Zalsburq şəhərində yerləşən Azərbaycan Evində 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, onların qəhrəmanlığı və fədakarlığından söz açılıb. Anım Gününün Azərbaycan xalqının tarixində və milli yaddaşında xüsusi yer tutduğu bildirilib. Qeyd olunub ki, bu tarixi yaddaşın gələcək nəsillərə çatdırılması hər bir azərbaycanlının mənəvi borcudur.
Diaspor fəalı Ayfər Eyvazova Azərbaycanda iştirak etdiyi Diaspor Gənclərinin VII Yay Düşərgəsində şəhid ailələri və qazilərlə keçirilən görüşlərin təsirli məqamlarından danışıb.
Tədbirdə, həmçinin işğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə diqqət çəkilib.
Soydaşlarımız Azərbaycanın suverenliyi uğrunda şəhid olan qəhrəmanlarımızın heç zaman unudulmayacağını vurğulayıblar.
Almaniyanın Maqdeburq şəhərində yerləşən Azərbaycan Evində də Anım Günü ilə əlaqədar xüsusi guşə yaradılıb.
Anım guşəsində torpaqlarımızın erməni işğalından azad olunmasını, üçrəngli bayrağımızın həmin ərazilərdə yenidən ucaldılmasını əks etdirən fotolar sərgilənib.
Azərbaycan Evinə gələnlər ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnən Vətən müharibəsinin mühüm məqamları ilə tanış olublar.
Foto qalereya
Digər xəbərlər
