Yaponiyada Azərbaycan klassik musiqisi konserti

10 avqust, 2026

Yaponiyada Azərbaycan klassik musiqisi konserti

Yaponiyanın paytaxtı Tokioda yaşayan azərbaycanlı pianoçu Gülnarə Səfərovanın “Zaman və məkanın fövqündə klassik musiqi – 1-ci hissə: Azərbaycandan dünyaya” (“Classical Music Beyond Time and Space – Vol. 1: From Azerbaijan to the World”) adlı konserti keçirilib. Konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Tokionun nüfuzlu “Meguro Persimmon Hall” konsert salonunda baş tutub.

Musiqi gecəsi üç hissədən ibarət olub. 12 peşəkar musiqiçinin, eləcə də xor kollektivinin  ifasında Azərbaycan, Avropa və Yaponiya bəstəkarlarının əsərləri böyük coşqu ilə qarşılanıb.

Konsertin ilk hissəsi dahi bəstəkar Qara Qarayevin zəngin yaradıcılığına həsr edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gətirilən və bəstəkarın əsərlərindən ibarət yeni musiqi albomuna daxil edilən seçmə kompozisiyaların ifası proqramın ən yaddaqalan məqamlarından biri olub. Şərqi və Qərbi Avropa bəstəkarlarının əsərlərinin səsləndirildiyi ikinci hissə Azərbaycan musiqisinin dünya klassik irsi ilə səsləşən zənginliyini nümayiş etdirib. Azərbaycan və Yaponiya bəstəkarlarının yaradıcılığına həsr olunan üçüncü hissədə isə Qara Qarayev və Fikrət Əmirovun əsərləri ilə yanaşı, yapon bəstəkarlarının musiqiləri səsləndirilib.

Konsert çərçivəsində Azərbaycan musiqisinin Yaponiyada təbliği və iki ölkə arasında mədəni əlaqələrin inkişafı ilə bağlı xüsusi fotoekspozisiya da sərgilənib. Ekspozisiyada Yaponiyada bu günədək keçirilən müxtəlif musiqi tədbirlərini əks etdirən fotolar yer alıb.

Tədbir Azərbaycan və Yaponiya arasında dostluq münasibətlərinin, xüsusilə mədəni və humanitar əlaqələrin daha da inkişaf etdirilməsi, Azərbaycan klassik musiqisinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm addım kimi qiymətləndirilib.

Konsert Yaponiya mediasının və yerli informasiya resurslarının da diqqətini cəlb edib, tədbirlə bağlı məlumatlar müxtəlif informasiya platformalarında yayımlanıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər