Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evində şəhidlərimizin xatirəsi anılıb

6 oktyabr, 2026

Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evində şəhidlərimizin xatirəsi anılıb

Almaniyanın Berlin şəhərində yerləşən Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evinin nəzdindəki həftəsonu məktəbinin növbəti dərsləri 27 sentyabr – Anım Gününə həsr olunub.

Dərslər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ölkəmizin bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin dərin ehtiramla yad edilməsi ilə başlayıb.

Dərslərdə 27 sentyabrın xalqımız üçün tarixi əhəmiyyətindən danışılıb. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun rəşadətindən, əsgər və zabitlərimizin qəhrəmanlığından bəhs olunub. Bildirilib ki, şəhidlərimizin əziz xatirəsi hər zaman böyük qürur və minnətdarlıq hissi ilə yad ediləcək.

Şagirdlər şanlı Zəfərə həsr olunan qısametrajlı film seyr edib, şəhidlərimizin əziz xatirəsinə həsr olunan şeirlər, musiqilər səsləndiriblər.

Qeyd edək ki, Almaniyanın paytaxtı Berlindəki Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evi 2022-ci ildə açılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Evində həftəsonu Azərbaycan dili məktəbi və Ritm rəqs dərnəyi fəaliyyət göstərir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər