ABŞ-də Amerika – Azərbaycan Gənclərinin Forumu keçirilib

2 sentyabr, 2024

ABŞ-də Amerika – Azərbaycan Gənclərinin Forumu keçirilib

ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən Corc Vaşinqton universitetində Amerika – Azərbaycan Gənclərinin Forumu keçirilib.

Forumda Corc Vaşinqton Universitetində və ABŞ-nin 21 müxtəlif ştat və şəhərində təhsil alan azərbaycanlı tələbə və professorların, həmçinin Vaşinqtonda çalışan azərbaycanlı diplomatlar iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan və ABŞ-nin Dövlət himnləri səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunub.

Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyasının sədri Kənan Məmmədov, Amerika-Azərbaycan Tələbə Təşkilatının rəhbəri Nabat Eminova və Amerika Gənclər Federasiyasının rəhbəri Leyla Aslanova açılış nitqi ilə qonaqları salamlayıblar.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev öz çıxışında Komitənin fəaliyyəti, həyata keçirdiyi layihələr, xaricdə fəaliyyət göstərən Azərbaycan evləri, Koordinasiya Şuraları, avqust ayında Laçında keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsi haqqında məlumat verib. ABŞ-də yaşayan azərbaycanlı gənclərin və tələbələrin birgə fəaliyyətinin vacibliyini vurğulayıb.

Amerika-Azərbaycan Təşkilatları Alyansının sədri Münəvvər Vahabova və Corc Vaşinqton Universitetinin professoru Sevinc Məmmədova çıxışlarında forumun əhəmiyyətini, aparılan müzakirələrin faydalarını diqqətə çatdırıb, belə tədbirlərin Azərbaycan Respublikası ilə ABŞ arasında mövcud qarşılıqlı əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini bildiriblər, iştirakçılara uğurlar arzulayıblar.

Pensilvaniya Universitetində kompüter elmləri üzrə təhsil alan Reyhan Camalova forumda iştirakından və ABŞ-də uğur qazanmış soydaşlarımızla aparılan fikir mübadiləsindən məmnunluğunu bildirib.

Dövlət təqaüdü əsasında Corciya Texnologiya İnstitutunda təhsil alan Əsmər Bayramova dünyanın ən əhəmiyyətli ölkələrinin birində Azərbaycan himninin səslənməsindən və Azərbaycan bayrağının dalğalanmasında qürur duyduğunu, soydaşlarımızın bu forumda şəbəkələşməsinin müsbət hadisə olduğunu deyib.

ABŞ-də dağ-mədən sənayesində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ülvi Verdiyev həmin ölkənin müxtəlif ştatlarında təhsil alan və fəaliyyət göstərən soydaşlarımızın Azərbaycanı layiqincə təmsil etdiklərini diqqətə çatdırıb.

Foruma Nyu York şəhərindən qatılan və orada təhsil alan Fərid Axundov bu cür forumların gənclərin gələcəkdəki fəaliyyətinə müsbət təsirindən danışıb.

Tədbirdə müxtəlif mövzularda fikir mübadiləsi və müzakirələr aparılıb, Komitənin və diasporumuzun gördüyü işlərə dair videoçarxlar, qrup təqdimatları nümayiş olunub.

Daha sonra "Gənclərin təhsil vasitəsilə inteqrasiyası", "Azərbaycan əsilli amerikalıların yeni nəsli: Mənim dünyam, ruhum, gözləntilərim", "Xəyal et, inan, buna nail ol: dəyişiklik naminə gənclərin Birliyi" və s. mözvularda panel müzakirələri aparılıb. Həmçinin Diaspor Gənclərinin Laçında keçirilən V Yay Düşərgəsi ilə bağlı videoçarx və şəhidlərə həsr olunan “Tarix dərsi” adlı film göstərilib.

Forum milli musiqimiz və milli rəqslərimizin nümayiş olunduğu bədii hissə ilə davam edib.

Tədbir iştirakçılara diplomların təqdim olunması və “Birlikdə” adlı videoçarxın nümayişi ilə başa çatıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər