Niderlandda Mirzə Qədim İrəvaniyə həsr olunan poçt markaları buraxılıb

10 iyun, 2026

Niderlandda Mirzə Qədim İrəvaniyə həsr olunan poçt markaları buraxılıb

Niderland Krallığının paytaxtı Amsterdamda Azərbaycanın görkəmli rəssamı Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunan poçt markaları çap edilib. Markalar Azərbaycan Milli İncəsənət Muzeyi və Amsterdamda yaşayan diaspor fəalı, xoreoqraf Səltənət Rəvanqızının birgə əməkdaşlığı ilə hazırlanıb.

Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edən bu təşəbbüs xoreoqraf Səltənət Rəvanqızının “Azərbaycanın inciləri” layihəsi çərçivəsində həyata keçirilib. Buraxılan markaların üzərində Mirzə Qədim İrəvaninin məşhur “Mah Tələt xanım” və “Fətəli şah” əsərləri təsvir olunub.

Niderlandın rəsmi poçt operatoru “PostNL” tərəfindən buraxılan markaların ilk nüsxəsi Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında saxlanılacaq.

Bu layihə yalnız yubiley xarakteri daşımır, eyni zamanda Azərbaycan klassik incəsənət nümunələrinin beynəlxalq müstəvidə təbliği, diaspor fəaliyyəti çərçivəsində mədəni diplomatiyanın inkişafına mühüm töhfə verir.

Məlumat üçün bildirək ki, artıq 5 ildən çoxdur davam edən “Azərbaycanın inciləri” layihəsi çərçivəsində 50-yə yaxın poçt markası çapdan çıxıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər