Ukraynadakı diaspor rəhbərinə "Diaspor fəaliyyətində xidmətə görə" medalı təqdim edilib
10 sentyabr, 2026
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov Ukraynanın Odessa şəhərində fəaliyyət göstərən “Azərbaycan Evi”nin rəhbəri və “Birlik” Odessa azərbaycanlıları diaspor təşkilatının sədri Cəlil Astanovu qəbul edib.
Qonağı səmimi salamlayan sədr müavini xaricdəki Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu vurğulayıb. Soydaşlarımızın yerli cəmiyyətə sıx inteqrasiyasını, Azərbaycan həqiqətlərinin təbliği, zəngin mədəni irsimizin və mədəniyyətimizin tanıdılması istiqamətindəki fəallığını yüksək qiymətləndirib. Ölkələr arasında qarşılıqlı münasibətlərin inkişafında diasporun əhəmiyyətli rol oynadığını qeyd edib və gələcək fəaliyyətlə bağlı tövsiyələrini nəzərə çatdırıb.
Sonra Cəlil Astanova "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı təqdim edilib.
Soydaşımız fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını bildirib. O, gələcəkdə də ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı, diasporumuzun fəaliyyətinin daha mütəşəkkil olması naminə səylərini əsirgəməyəcəyini söyləyib.
Foto qalereya
Digər xəbərlər
