TÜRKADVAK-nin nümayəndə heyəti Dövlət Komitəsində olub
16 sentyabr, 2026
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev Türk Qadınını Gücləndirmə və Tanıtma Vəqfinin (TÜRKADVAK) sədr müavini Nuray Güllünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan Valeh Hacıyev görüşdən məmnunluğunu ifadə edib. O, Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə olduğu kimi, qadınların hüquqlarının müdafiəsi və onların cəmiyyətin ictimai-iqtisadi həyatında fəal iştirakının təmin edilməsi istiqamətində də əməkdaşlıq üçün geniş imkanlar yaratdığını bildirib. Həmçinin komitənin fəaliyyəti, həyata keçirilən layihələr, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, diaspor qurumları ilə əməkdaşlığın gücləndirilməsi və soydaşlarımızın hüquq və maraqlarının müdafiəsi istiqamətində görülən işlər barədə geniş məlumat verib.
Nuray Güllü TÜRKADVAK-nin fəaliyyəti və həyata keçirdiyi layihələrdən bəhs edib. O bildirib ki, vəqf qadınların sosial, iqtisadi və ictimai fəallığının artırılması, məşğulluq və təhsil imkanlarının genişləndirilməsi, hüquqlarının müdafiəsi, qadın sahibkarlığının təşviqi, eləcə də işgüzar qadınlara dəstəyin göstərilməsi istiqamətində müxtəlif layihələr reallaşdırır.
Görüşdə, qadınların təhsil və məşğulluq imkanlarının artırılması, sahibkarlığın inkişafına dəstək, qadın hüquqlarının müdafiəsi, həmçinin Azərbaycan və Türkiyənin aidiyyəti qurumları və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin və birgə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayaraq, gələcəkdə ortaq layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.
Görüşdə hüquqşünas, “INJURIA” Hüquq Platformasının təsisçisi və rəhbəri Kəmalə Məmmədova və "SƏN1SƏN" Beyin Mərkəzinin təsisçisi və rəhbəri Fəridə Quluzadə də iştirak ediblər.
Foto qalereya
Digər xəbərlər
