Tokioda “Azərbaycan çay saatı” adlı tədbir keçirilib
27 noyabr, 2026
Yaponiyanın paytaxtı Tokionun Nakano rayonunda yaşlı sakinlər üçün “Azərbaycan çay saatı” adlı mədəni-maarifləndirici görüş keçirilib.
“Nakano-ku Kenko Plaza Higashiyama” sağlamlıq mərkəzində keçirilən görüş Azərbaycan-Yaponiya Dostluq Assosiasiyasının nümayəndəsi, ölkə səviyyəsində sertifikatlaşdırılmış dietoloq Lena Kələntər tərəfindən təşkil olunub. Azərbaycan haqqında məlumat əldə etmək istəyən iştirakçılar üçün ilk dəfə baş tutan görüşə 27 nəfər qatılıb.
İştirakçılara Azərbaycan çayı, milli şirniyyat nümunələri təqdim olunub. Görüş çərçivəsində Bakı şəhəri, Azərbaycanın tarixi, coğrafi mövqeyi, Şərq və Qərb arasında yerləşməsi, İpək Yolundakı rolu, eləcə də mədəniyyəti və adət-ənənələri barədə məlumat verilib. Həmçinin Azərbaycan dili və Azərbaycan-Yaponiya dostluq əlaqələri ilə bağlı təqdimat keçirilib.
Təşəbbüs Azərbaycan mədəniyyətinin Yaponiyanın yerli icmaları arasında tanıdılması və Azərbaycan–Yaponiya dostluq əlaqələrinin inkişafına töhfə verən layihələrdən biri kimi diqqət çəkib.
Məlumat üçün bildirək ki, Lena Kələntər Yaponiyada fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının, eləcə də Dünya Azərbaycanlı Alimlər Birliyinin üzvü, dünya şöhrətli alim, professor Xəlil Kələntərin qızıdır.
Foto qalereya
Digər xəbərlər
