Ştutqart Azərbaycan Evində uşaqlar üçün ustad dərsi keçirilib
27 noyabr, 2026
Almaniyanın Ştutqart şəhərində yerləşən Azərbaycan Evində İtaliyanın “Apulia Brass Ensemble” musiqi kollektivinin iştirakı ilə uşaqlar üçün ustad dərsi keçirilib.
Azərbaycan Evinin təşkil etdiyi görüşdə uşaqlar beynəlxalq təcrübəyə malik musiqiçilərlə yaxından tanış olub, nəfəs alətlərinin xüsusiyyətləri barədə bilgilər öyrəniblər. Kollektivin canlı ifası uşaqlara musiqi sənətinin özünəməxsus xüsusiyyətlərini və incəliklərini yaxından kəşf etmək imkanı yaradıb. Tədbirdə uşaqların ailə üzvləri də iştirak edərək görüşün səmimi və xoş atmosferinə rəng qatıblar.
Bu təşəbbüs uşaqların yeni bilik və təcrübə qazanmalarına, yaradıcılıq potensiallarının inkişafına, musiqiyə maraqlarının artmasına və müxtəlif mədəniyyətlərlə tanış olmalarına töhfə verib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərən Ştutqart Azərbaycan Evi bu ilin əvvəlində açılıb. Burada soydaşlarımızın milli-mənəvi dəyərlər ətrafında birləşməsi, Azərbaycan həqiqətlərinin tanıdılması və ölkəmizin zəngin tarixinin yaşadılması istiqamətində müxtəlif tədbirlər, mədəni proqramlar və maarifləndirici görüşlər təşkil olunur.
Foto qalereya
Digər xəbərlər
