Tbilisidə “Koordinat 44” tamaşasının premyerası keçirilib
11 noyabr, 2026
Gürcüstanın paytaxtı Tbilisidə 8 Noyabr – Zəfər Gününə həsr olunan “Koordinat 44” tamaşasının premyerası təqdim olunub.
Premyerada şəhid ailələrinin üzvləri, Azərbaycanın Gürcüstandakı Səfirliyinin nümayəndələri, Gürcüstan parlamentinin üzvləri, ictimaiyyət təmsilçiləri, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan, Türkiyə və Qazaxıstanın hərbi attaşeləri, eləcə də Vətən müharibəsi iştirakçıları iştirak ediblər.
Səhnə əsərində 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun tarixi Zəfərə aparan şərəfli mübarizə yolu öz əksini tapıb.
Tamaşada işğal altındakı torpaqlarımızın, o cümlədən Şuşa şəhərinin azadlığı uğrunda aparılan döyüşlər, hərbçilərin müharibə zamanı üzləşdikləri çətinliklər və yaşadıqları psixoloji sarsıntılar bədii vasitələrlə canlandırılıb.
Tamaşanın müəllifi və quruluşçu rejissoru, “Era Teatrı”nın bədii rəhbəri Anar Rafiqoğlunun sözlərinə görə, “Koordinat 44” Zəfər və Anım günlərinə həsr edilən üçüncü səhnə əsəridir. Rejissor layihənin əsas məqsədinin tamaşaçılarda milli ruhu, Vətənə bağlılıq və qürur hissini gücləndirmək, tarixi Zəfərimizin qəhrəmanlarını sənət dili ilə yad etmək olduğunu vurğulayıb.
Tamaşa iştirakçılar tərəfindən Zəfər tariximizin, milli birliyimizin və qəhrəmanlıq ənənələrimizin bədii təcəssümü kimi qarşılanıb.
Foto qalereya
Digər xəbərlər
