Tanınmış azərbaycanlı rejissor İsraildə vəfat edib
8 sentyabr, 2026
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor və ssenarist Yefim Abramov İsraildə vəfat edib.
1948-ci ildə Bakı şəhərində anadan olan Yefim Abramov Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. O, uzun illər "Azərbaycanfilm" kinostudiyasında fəaliyyət göstərib, Azərbaycan kinematoqrafiyasının inkişafına mühüm töhfələr verib. Rejissor "Qorxma, mən səninləyəm!", "Araqarışdıran", "Lətifə" və digər ekran əsərlərinin ərsəyə gəlməsində iştirak edib.
1990-cı ildən İsraildə yaşayan Yefim Abramov doğma Vətəni ilə əlaqələrini daim qoruyub saxlayıb, Azərbaycanın mədəni irsinin təbliği və Azərbaycan–İsrail mədəni əlaqələrinin inkişafı istiqamətində fəaliyyət göstərib.
Azərbaycan kinematoqrafiyasının inkişafında mühüm xidmətləri olan sənətkarın vəfatı ölkəmizin mədəni ictimaiyyəti üçün böyük itkidir.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi Yefim Abramovun vəfatından dərin kədər hissi keçirdiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Foto qalereya
Digər xəbərlər
