Tallində şanlı Zəfərin qəhrəmanlıq salnaməsi anılıb

18 noyabr, 2026

Tallində şanlı Zəfərin qəhrəmanlıq salnaməsi anılıb

Estoniyanın paytaxtı Tallində 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.

Tədbir Tallin Azərbaycan Evi, “IRS” Estoniya-Azərbaycan Gənclər Mərkəzi və Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Estoniya üzrə koordinatorluğunun birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycanın Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Nemət Nağdəliyev, səfirliyin əməkdaşları, koordinator Orxan Oktain, Estoniyada yaşayan azərbaycanlı gənclər və tələbələr, türkdilli xalqların nümayəndələri, eləcə də yerli media təmsilçiləri iştirak ediblər.

“IRS” Estoniya-Azərbaycan Gənclər Mərkəzinin rəhbəri Nəzrin Cəfərova çıxışında Zəfər Gününün Azərbaycan xalqının tarixindəki müstəsna yerindən bəhs edib. O, tarixi qələbənin xalqımızın milli birliyinin və həmrəyliyinin parlaq təcəssümü olduğunu söyləyib.

Səfir Nemət Nağdəliyev şanlı Zəfərin qazanılmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyinin, xalqımızın sarsılmaz birliyinin və Azərbaycan Ordusunun qəhrəmanlığının həlledici rolunu xüsusi vurğulayıb.

Çıxışlar zamanı 2020-ci il oktyabrın 23-də Tallinin Azadlıq meydanında Azərbaycana dəstək məqsədilə keçirilmiş nümayiş də xatırlanıb. Həmin aksiyanın görüntülərini lentə alaraq bu günədək qoruyub saxlayan, o zaman tələbə olan Almaz Rəfiyevanın bu istiqamətdəki fəaliyyəti yüksək qiymətləndirilib. Təşkilatçılar tarixi anları əks etdirən görüntüləri qoruyub saxladığına görə ona minnətdarlıqlarını bildiriblər.

Tədbirin bədii hissəsində tələbə Tamerlan Qafarovun fortepianoda ifaları iştirakçılara xoş anlar yaşadıb.

Tədbir milli-mənəvi dəyərlərimizin və şanlı Zəfərimizin təbliği, eləcə də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyət daşıyıb, soydaşlarımızın birliyini və fəallığını nümayiş etdirib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər