TADEF sədrinin müşaviri Türkiyədə bir sıra görüşlər keçirib
6 may, 2026
Türkiyə ilə Azərbaycan arasında münasibətlərin xalqlarımızın ortaq dəyərləri, tarixi bağlılığı və dövlətlərimizin müəyyən etdiyi strateji hədəflər əsasında daha da möhkəmləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdə vətəndaş cəmiyyəti institutlarının rolu xüsusi olaraq qeyd olunur və onların təşəbbüsləri ikitərəfli əlaqələrin dərinləşməsinə mühüm töhfə verir.
Bu çərçivədə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədrinin müşaviri Pərviz Məmmədzadə bir sıra yüksək səviyyəli görüşlər keçirib. O, Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini, professor Kürşat Zorlu, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Abdullah Eren, həmçinin Yunus Əmrə İnstitutunun sədri, professor Abdurrahman Ali ilə görüşüb.
Görüşlər zamanı Türkiyə-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi, ortaq maraqlara xidmət edən yeni layihələrin hazırlanması və mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Xüsusilə təhsil, mədəniyyət, diaspor fəaliyyəti, gənclər siyasəti və ictimai diplomatiya sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivləri diqqət mərkəzində olub.
Qeyd olunub ki, həyata keçiriləcək layihələrin effektivliyi üçün institusional əməkdaşlığın gücləndirilməsi, koordinasiyanın artırılması və davamlı dəstək mexanizmlərinin formalaşdırılması vacibdir. Bu baxımdan layihələrin konseptual əsasları, icra mexanizmləri və maliyyə-təşkilati məsələlər ətraflı şəkildə müzakirə edilib.
Bununla yanaşı, ortaq diaspor fəaliyyətinin daha sistemli şəkildə qurulması, xarici ölkələrdə yaşayan azərbaycanlı və türk icmaları arasında əlaqələrin möhkəmləndirilməsi, vahid mövqedən çıxış edilməsi və birgə təşəbbüslərin artırılması məsələləri üzrə geniş fikir mübadiləsi aparılıb. Görüşlər nəticəsində bir sıra yeni layihələrin həyata keçirilməsi ilə bağlı qarşılıqlı razılıq əldə olunub.
Bütün bu təşəbbüslərin Türkiyə ilə Azərbaycanın qardaşlıq münasibətlərinin daha da gücləndirilməsinə, türk dünyasının inteqrasiyasına və ortaq strateji hədəflərin reallaşdırılmasına xidmət etdiyi diqqətə çatdırılıb.
Foto qalereya
Digər xəbərlər
