Şvelmdə Zəfər Gününə həsr olunan boks və K-1 döyüş gecəsi keçirilib

19 noyabr, 2026

Şvelmdə Zəfər Gününə həsr olunan boks və K-1 döyüş gecəsi keçirilib

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Şvelm şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunan boks və K-1 döyüş gecəsi baş tutub.

SFC “Stolz Fight Club”un tərkibində fəaliyyət göstərən Hibrid Kombat Döyüş Liqası və Diaspor Boks Liqasının birgə təşəbbüsü ilə keçirilən yarışda müxtəlif idman klublarının təmsilçiləri iştirak ediblər.

Yarışın əsas məqsədi Azərbaycanın tarixi Zəfərinin xaricdə qeyd olunması, xalqlar arasında idman vasitəsilə dostluq və həmrəyliyin gücləndirilməsi, eləcə də gənc idmançıların beynəlxalq təcrübə qazanmasına şərait yaradılması olub.

Turnir SFC Hibrid Kombat Döyüş Liqası üçün xüsusi əhəmiyyət daşıyıb. Belə ki, təşkilat ilk rəsmi yarışını keçirib. Liqanın prezidenti və təsisçisi, keçmiş peşəkar boksçu, Avropa çempionu Ağəli Alışovun rəhbərliyi altında yarışan 11 idmançıdan 10-u qarşılaşmasını qələbə ilə başa vurub.

SFC “Stolz Fight Club”un rəhbəri Ağəli Alışov turnirin uzun illər ərzində görülən işin nəticəsi olmaqla yanaşı, gənc nəslin idmana və milli dəyərlərə bağlı ruhda yetişməsinə töhfə verdiyini deyib. O, ilk döyüş gecəsinin Zəfər Gününə həsr olunmasının xüsusi mənəvi əhəmiyyət daşıdığını vurğulayıb, şəhidlərin xatirəsini ehtiramla yad edib və qazilərə minnətdarlığını bildirib.

Təşkilatçılar gələcəkdə bu cür yarışların mütəmadi keçirilməsini, müxtəlif ölkələrin idman klubları arasında əməkdaşlığın genişləndirilməsini və gənclərin peşəkar idmana cəlb olunmasını hədəfləyirlər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər