Ştutqartda Azərbaycan stendinə və milli rəqslərimizə xüsusi maraq olub

22 may, 2026

Ştutqartda Azərbaycan stendinə və milli rəqslərimizə xüsusi maraq olub

Almaniyanın Ştutqart şəhərinin mərkəzi meydanında 19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə “Türk Mədəniyyəti Günləri” adlı tədbir keçirilib.

Türkiyə Respublikasının Ştutqartdakı Baş Konsulluğunun, Baden-Vürtemberqdə fəaliyyət göstərən türk vətəndaş cəmiyyəti təşkilatlarının, Ştutqart bələdiyyəsinin dəstəyi və Ştutqart Azərbaycan Evinin əməkdaşlığı ilə baş tutan tədbirdə Azərbaycanın zəngin mədəni irsi nümayiş olunub.

Baş konsul Makbulə Koçak Kaçar “Türk Mədəniyyəti Günləri”ndə soydaşlarımızın iştirakını türk icmalarının həmrəyliyinə mühüm töhfə verdiyini vurğulayıb.

Azərbaycan Evinin rəhbəri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, bəstəkar Günay Mirzəyeva bildirib ki, ölkəmizin bu tədbirdə ilk dəfə təmsil olunması Azərbaycan, Türkiyə və Almaniya arasında mədəni əlaqələrin inkişafı, eləcə də mədəniyyətimizin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Tədbirdə təşkil olunan yürüşdə Azərbaycan, Türkiyə və Almaniyanın Dövlət bayraqları dalğalandırılıb.

Daha sonra Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Ritm” rəqs qrupu səhnədə milli rəqslərimizi ifa ediblər. Qonaqlar Azərbaycan stendində ölkəmizin zəngin mədəniyyətini, milli sənət nümunələrini, əl işlərini və tarixi irsini əks etdirən müxtəlif eksponatlarla yaxından tanış olublar. Azərbaycan stendinə böyük maraq göstərilib, milli rəqslərimizin yüksək səviyyədə ifası böyük məmnunluq və heyranlıqla qarşılanıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər