Ştutqart Azərbaycan Evində xeyriyyə konserti keçirilib

15 sentyabr, 2026

Ştutqart Azərbaycan Evində xeyriyyə konserti keçirilib

Almaniyanın Ştutqart şəhərində fəaliyyət göstərən Azərbaycan Evində ağır epilepsiyadan əziyyət çəkən 11 yaşlı Bennett Klausun müalicəsinə dəstək məqsədilə xeyriyyə konserti keçirilib.

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Azərbaycan Evinin rəhbəri, bəstəkar Günay Mirzəyevanın təşəbbüsü ilə təşkil olunan tədbirə müxtəlif millətlərin nümayəndələri və Almaniyanın müxtəlif şəhərlərindən gələn azərbaycanlı ailələr qatılıblar.

Konsert proqramında pianoçu Xəyalə Əlizadə və kamança ifaçısı Şahin Qasımlı Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər. Musiqi gecəsində qonaqlara Azərbaycan mədəniyyətinə aid nümunələr təqdim olunub. 

Günay Mirzəyeva çıxışında Azərbaycan Evinin fəaliyyəti, Diasporla İş üzrə Dövlət Komitəsinin diaspor təşkilatlarına göstərdiyi dəstək və həyata keçirilən layihələr barədə məlumat verib. O, xalqlar arasında tolerantlıq, qarşılıqlı hörmət, həmrəylik və insanpərvərliyin əhəmiyyətini vurğulayıb.

Tədbirin sonunda Bennettin anası Karmen Klaus göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib və bu təşəbbüsü yüksək qiymətləndirib.

Xeyriyyə konserti müxtəlif xalqların nümayəndələrini bir araya gətirərək həmrəylik və qarşılıqlı dəstək nümunəsinə çevrilib.

Qeyd edək ki, tədbir Almaniyanın “Stuttgarter Zeitung” və digər mətbu orqanlarında da işıqlandırılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər