Stokholmda Qərbi Azərbaycan haqqında kitabın təqdimatı olub
11 avqust, 2026
İsveçin paytaxtı Stokholmda Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş mütəxəssisi, tədqiqatçı Zərifə Haqverdiyevanın müəllifi olduğu “İrəvan – qəlbimdə yaşayan yurdum” kitabının təqdimatı keçirilib.
Təqdimat Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin dəstəyi, İsveç-Azərbaycan Birliyinin (SAF) təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.
SAF-nin rəhbəri Sevda Dadaşova yeni kitabın təqdimat mərasiminin nəşrin oxuculara tanıdılması ilə yanaşı, milli yaddaşın, tarixi həqiqətlərin və doğma yurd sevgisinin yaşadılması baxımından mühüm mədəni hadisə olduğunu söyləyib.
Digər çıxışçılar uzun illər aparılan araşdırmaların nəticəsi olan bu əsərin Azərbaycan tarixşünaslığına mühüm töhfə verdiyini bildiriblər.
Eyni zamanda belə nəşrlərin xaricdə yaşayan azərbaycanlıların milli kimliyinin yaşadılması və gənc nəslin tarixi bilgilərinin möhkəmləndirilməsindəki əhəmiyyətindən bəhs edilib.
Müəllif Zərifə Haqverdiyeva kitabın hazırlanmasının əsas məqsədinin İrəvanın Azərbaycan xalqının tarixində və mədəni irsində tutduğu yeri etibarlı mənbələr əsasında araşdıraraq milli yaddaşın qorunmasına və tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılmasına töhfə vermək olduğunu bildirib. O, bu tədbirin təşkilində göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib.
Tədbirdə İsveçdəki Azərbaycan diasporunun nümayəndələri ilə yanaşı, qazax, özbək, türkmən və uyğur diaspor təşkilatlarının üzvləri, eləcə də türk icmasının təmsilçiləri iştirak edib.
Foto qalereya
Digər xəbərlər
