Soydaşlarımız Anım Gününü silsilə tədbirlərlə qeyd ediblər

28 sentyabr, 2026

Soydaşlarımız Anım Gününü silsilə tədbirlərlə qeyd ediblər

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız hər il olduğu kimi, bu il də 27 sentyabr - Anım Gününü dərin ehtiram, sonsuz minnətdarlıq və böyük qürur hissi ilə yad ediblər.

Ştutqart, Estoniya, Oslo, Helsinki, Barselona, Tuluz və Kanada Azərbaycan evlərində təşkil olunan tədbirlərdə, eləcə də keçirilən maarifləndirici dərslərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin misilsiz qəhrəmanlığından bəhs olunub, onların əziz xatirəsi ehtiramla anılıb.

Anım mərasimlərində 27 sentyabrın tarixi əhəmiyyətinə toxunulub. 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Zəfərdən, şəhidlərimizin əbədiyyətə qovuşan qəhrəmanlığından, xalqımızın nümayiş etdirdiyi möhkəm birlik və həmrəylikdən söz açılıb.

Azərbaycan evlərində şəhidlərimizin xatirəsinə həsr olunan, milli atributlar və qərənfillərlə bəzədilən xüsusi guşələr yaradılıb, Vətən müharibəsinin qəhrəmanlarına həsr olunan şeirlər səsləndirilib, vətənpərvərlik mahnıları ifa edilib.

Fransanın Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” həftəsonu Azərbaycan məktəbində, Parisdəki “Natəvan” həftəsonu Azərbaycan məktəbində, eləcə də İsveçrədəki “Qarabağ” həftəsonu Azərbaycan məktəbində keçirilən maarifləndirici dərslər zamanı şəhidlərimizin əziz xatirəsi dərin hörmət və minnətdarlıq hissi ilə yad olunub. Bildirilib ki, onların Vətən qarşısındakı fədakarlığı və göstərdikləri misilsiz şücaət daim yaşadılmalı, gələcək nəsillərə örnək kimi çatdırılmalıdır.

Estoniya, Bolqarıstan, Macarıstan, Niderland, Lüksemburq və Belçikada soydaşlarımızın fəal iştirakı ilə keçirilən anım tədbirlərində Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsinin hər zaman böyük ehtiramla yad ediləcəyi vurğulanıb.

Tədbirlərin təşkilində Brüssel Azərbaycan Evi, Barselona Azərbaycan Evi, Barselonadakı Azərbaycanlılar Cəmiyyəti, Estoniyadakı azərbaycanlıların “Birlik” icması, Benilüks Azərbaycanlılarının Koordinasiya Şurasının Niderland üzrə koordinatorluğu və Azərbaycan-Lüksemburq Dostluq Assosiasiyası (LuxAz) xüsusi fəallıq göstərib.

Anım mərasimlərində çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin müasir Azərbaycanın inkişafında, qüdrətli dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və milli iradənin siyasi dayaqlarının formalaşmasında mühüm rol oynadığını bildiriblər. Qeyd olunub ki, bu siyasi kurs Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir.

Çıxışlarda Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi naminə canından keçən qəhrəmanların xatirəsinin yaşadılmasının hər bir azərbaycanlının mənəvi borcu olduğu vurğulanıb. Bildirilib ki, şəhidlərimizin həyat yolu, Vətən sevgisi və fədakarlığı gələcək nəsillər üçün əbədi örnək olaraq qalmalıdır.

Anım mərasimlərində şəhidlərimizin qəhrəmanlığına və Vətən uğrunda göstərdikləri fədakarlığa həsr olunan videoçarxlar nümayiş etdirilib, onların həyat yolundan bəhs edən xatirələrə toxunulub, vətənpərvərlik ruhunda musiqilər ifa olunub.

Varşavada isə Polşa Milli Ordusunun azərbaycanlı polkovniki Vəli bəy Yadigarovun və Azərbaycan Milli Ordusunun generalı Maçey Sulkeviçin xatirəsinə ucaldılan abidənin qarşısında anım tədbiri keçirilib. Mərasimdə Anım Gününün Azərbaycan xalqının yaddaşında xüsusi yer tutduğu bildirilib, Azərbaycan Ordusunun rəşadəti və misilsiz qəhrəmanlıqlarından söz açılıb. Vətən müharibəsində qazanılan tarixi Zəfərin xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzmkarlığının və Vətən sevgisinin parlaq təcəssümü olduğu diqqətə çatdırılıb. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatları nəticəsində Azərbaycanın suverenliyinin bərpa olunduğu vurğulanıb.

Anım tədbirlərində Vətən müharibəsinin reallıqlarını əks etdirən fotolardan ibarət sərgilər nümayişi böyük maraqla qarşılanıb. İşğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs edən sənədli filmlər isə qürur hissi ilə izlənilib.

Soydaşlarımız bildiriblər ki, Vətən müharibəsi dövründə olduğu kimi, bundan sonra da Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, ölkəmizin mövqeyinin və tarixi həqiqətlərimizin beynəlxalq ictimaiyyətə tanıdılması istiqamətində səylərini əzmlə davam etdirəcəklər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər