Soydaşımıza "Diaspor fəaliyyətində xidmətə görə" medalı təqdim edilib
13 may, 2026
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov Niderlandda yaşayan Azərbaycan icmasının fəalı Həcər Karamanla görüşüb.
Qonağı səmimi salamlayan sədr müavini Niderlanddakı soydaşlarımızın yerli cəmiyyətə uğurlu inteqrasiyasını, Azərbaycan həqiqətlərinin təbliği və zəngin mədəni irsimizin tanıdılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib. Gənc soydaşımızın xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, ölkəmizlə bağlı tarixi həqiqətlərin Niderland ictimaiyyətinə çatdırılması üçün göstərdiyi səyləri təqdirəlayiq hesab edib.
Daha sonra Həcər Karamana "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı təqdim edilib. O, fəaliyyətinə göstərilən yüksək qiymətə görə dövlətimizə minnətdarlığını ifadə edib. Niderlanddakı soydaşlarımızın həmrəyliyi naminə səylərini əsirgəməyəcəyini bildirib.
Məlumat üçün bildirək ki, Həcər Karaman Şimali Amsterdam bölgəsi üzrə gənc sosialistlər təşkilatının sədri olarkən Sosialistlər Partiyasının rəhbərliyinə Xocalı soyqırımı ilə bağlı qətnamə layihəsi təqdim edib. Erməni silahlı birləşmələrinin dəhşətli hərbi cinayətinin Niderland parlamentində müzakirəyə çıxarılması və faciəyə siyasi-hüquqi qiymətin verilməsi təşəbbüsü ilə çıxış edib. 44 günlük Vətən müharibəsi və post-müharibə dövründə isə PvdA Sosialist Partiyasının iclaslarında və təşkil etdiyi aksiyalarda Azərbaycanın haqq səsini Niderland ictimaiyyətinə çatdırmağa çalışıb və diqqəti ölkəmizin ədalətli mövqeyinə cəlb edib. Həcər Karaman 2022-ci ildə Şuşada keçirilən Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçısı olub. Həmin ildən Azərbaycan Diaspor Gəncləri (ADG) təşkilatının üzvüdür.
Foto qalereya
Digər xəbərlər
