Soydaşımız İsveçdə komitə sədrinin birinci müavini seçilib
17 noyabr, 2026
İsveçdə yaşayan soydaşımız, diaspor fəalı Turan Əliyev Partille Bələdiyyə Şurasının qərarı ilə Mədəniyyət və Asudə Vaxt Komitəsi sədrinin birinci müavini seçilib. O, 2027-ci il yanvarın 1-dən yeni vəzifəsinin icrasına başlayacaq və 2030-cu ilin sonunadək bu vəzifəni icra edəcək.
Komitə bələdiyyədə mədəniyyət və idman həyatının inkişafına, kitabxanaların, gənclər mərkəzlərinin, idman və təhsil müəssisələrinin fəaliyyətinə nəzarət edir. Komitənin əsas vəzifələri sırasına büdcə vəsaitlərinin bölüşdürülməsi, ictimai təşkilatlara və idman klublarına dəstək göstərilməsi, eləcə də mədəni tədbirlərin təşkilinə kömək edilməsi daxildir.
Komitənin fəaliyyətində uşaqların və gənclərin asudə vaxtlarını səmərəli və təhlükəsiz keçirmələri üçün şəraitin yaradılması, həmçinin əlilliyi olan şəxslər də daxil olmaqla, əhalinin bütün təbəqələri üçün mədəniyyət və idman obyektlərinin əlçatanlığının artırılması xüsusi yer tutur.
Komitə 7 əsas və 7 əvəzedici üzvdən ibarətdir. Qərarların icrasını Mədəniyyət və Asudə Vaxt İdarəsi təmin edir. Son məlumatlara görə, həmin idarədə 105 əməkdaş çalışır.
Turan Əliyev, həmçinin Partille Bələdiyyə Şurasının deputatıdır və İsveçin Mərkəz Partiyasını təmsil edir.
Digər xəbərlər
