Sokolovda Azərbaycan nəfəsi: milli mədəniyyətimiz alqışlarla qarşılanıb
7 sentyabr, 2026
Çexiyanın Karlovarsk diyarının Sokolov şəhərində Çexiyada yaşayan yerli icmaların öz mədəniyyətlərini, adət-ənənələrini, musiqi və rəqslərini, eləcə də milli mətbəxlərini təqdim etdikləri festival keçirilib.
Sokolov şəhərinin və Karlovarsk diyar Magistratının təşkilatçılığı ilə keçirilən festival Çexiyada yaşayan müxtəlif icmalar arasında mədəni dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsi, xalqların öz milli kimliyini və mədəni irsini tanıtması, eləcə də müxtəlif mədəniyyətlər arasında əlaqələrin inkişaf etdirilməsi baxımından mühüm platforma olub.
Azərbayanı festivalda Land of Fire cəmiyyətinin təsisçisi, Azərbaycan diasporunun Şərqi Avropa Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru Fərid Əmirəliyev və soydaşımız Samir Varisoğlu Məcidov təmsil edib. Ölkəmizin festivalda iştirakı Azərbaycan Respublikasının Çexiyadakı Səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə təşkil olunub.
Azərbaycan stendində ölkəmizin qədim və zəngin tarixi-mədəni irsini əks etdirən nümunələr nümayiş etdirilib. Festival iştirakçılarına Azərbaycan milli geyimləri, milli mətbəximizin seçilən nümunələri və xalqımızın əsrlər boyu formalaşmış adət-ənənələri haqqında məlumat verilib. Qonaqlar Azərbaycan mətbəxinin özünəməxsus dadlarını kəşf etməklə yanaşı, xalqımızın milli geyimləri və mədəni irsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Festivalın təşkilatçısı və Kralovski Kray Magistratının rəhbərinin müavininə Azərbaycan milli geyimi hədiyyə olunub.
Soydaşımız Gülər Abdullayeva Archerin ifasında Azəbaycan mahnıları, eləcə də festivala qatılan azərbaycanlıların iştirakı ilə nümayiş etdirilən “Yallı” rəqsi sürəkli alqışlarla qarşılanıb. Müxtəlif ölkələrdən olan qonaqların rəqsə göstərdiyi maraq və təqdimatın yaratdığı yüksək ovqat Azərbaycan mədəniyyətinin universal dəyərlər və ortaq insani hisslər üzərindən müxtəlif xalqlara çatdırılması, milli irsimizin beynəlxalq mədəni platformalarda uğurla təbliğ olunması baxımından xüsusi əhəmiyyət daşıyıb.
Foto qalereya
Digər xəbərlər
