Slovakiyadakı soydaşlarımız Zəfər Gününün sevincini bölüşüblər
16 noyabr, 2026
Slovakiyanın paytaxtı Bratislavada yaşayan soydaşlarımız 8 Noyabr - Zəfər Gününün altıncı ildönümünü qeyd ediblər.
Diaspor fəalları Fərid Yusifli və Hacı Hacıyevin təşəbbüsü ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığından, xalqımızın sarsılmaz birliyindən və şanlı Zəfərin tarixi əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan xalqının milli iradəsinin, əzminin və dövlətimizin gücünün təntənəsidir. Bu möhtəşəm qələbə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün də böyük qürur mənbəyidir.
Daha sonra Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsini əks etdirən qısametrajlı film nümayiş etdirilib.
Tədbirin bədii hissəsində tarda ifa olunan vətənpərvərlik ruhlu musiqilər iştirakçılara xoş anlar yaşadıb, proqrama xüsusi ovqat qatıb.
Foto qalereya
Digər xəbərlər
