Sietl şəhərində azərbaycanlı bəstəkarın əsərinin premyerası olub
13 aprel, 2026
ABŞ-nin Sietl şəhərində bəstəkar və violin ifaçısı Eldar Hüdiyevin “Həyat davam etməlidir” (“Life must go on”) adlı musiqi əsərinin premyerası baş tutub. Premyera “Səs” (“Sound”) ansamblının dirijoru və rəhbəri Bobbi Kollonsun, “Sietl” uşaq xorunun (“Seattle Children’s Chorus”) və Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ACSNC) mədəniyyət direktoru, “Sound of Fire”qrupunun təsisçisi, rəqqas Anar Allahverdovun iştirakı ilə reallaşıb.
“Həyat davam etməlidir” əsəri həyatın çətin sınaqlarından keçən insanın daxili yolunu təsvir edir. Əsərdə dözüm təkcə çətinliklərə tab gətirmək deyil, həm də insan ruhunun bərpası, öz gücünü və həyat eşqini yenidən kəşf etməsi kimi təqdim olunur. Əsərin kulminasiya nöqtəsində ləzgi rəqsinin ritmləri səslənir. Bu hissə “dağ alovu”nu – enerjinin, həyat sevgisinin və daxili gücün partlayışını təcəssüm etdirir. Ləzgi rəqsi burada çətinliklər üzərində qazanılan qələbənin rəmzinə çevrilərək, qürurlu və sınmayan ruhun ritmik ifadəsi kimi çıxış edir.
Məlumat üçün bildirək ki, ABŞ hökuməti tərəfindən “fövqəladə istedada malik sənətçi” kimi qiymətləndirilən Eldar Hüdiyev 25 ildən artıqdır ki, klassik musiqi ənənələrini müasir yaradıcı yanaşmalarla uğurla birləşdirir. O, çoxsaylı beynəlxalq müsabiqələrin qalibi olub, müxtəlif ölkələrdə keçirilən yarışlarda Qran-pri və digər mükafatlara layiq görülüb. Bəstəkar dünyanın nüfuzlu səhnələrində – Nyu-Yorkun “Carnegie Hall”, San-Fransiskonun “Davies Hall” və Moskvanın “Çaykovski” zallarında çıxış edib.
Onun yaradıcılığının əsas məqsədi musiqi vasitəsilə insanları, mədəniyyətləri və nəsilləri bir-birinə yaxınlaşdırmaqdır. “Həyat davam etməlidir” əsəri də bu missiyanın davamı kimi müasir dünyanın mürəkkəb dövründə insanlara ümid, inam və irəli getmək çağırışı edir.
Foto qalereya
Digər xəbərlər
