Sevinc Kərimovanın “Tərəqqi” medalı qızına təqdim olunub

2 oktyabr, 2026

Sevinc Kərimovanın “Tərəqqi” medalı qızına təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 yanvar 2026-cı il tarixli Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmiş Sevinc Kərimovanın medalı qızı Nigar Vəkilovaya təqdim olunub.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ABŞ-nin Kaliforniya ştatında yaşamış mədəniyyət xadimi mərhum Sevinc Kərimovanın qızı Nigar Vəkilova ilə görüşüb.

Komitə sədri xaricdə Azərbaycan mədəniyyətinin təbliği, milli dəyərlərimizin yaşadılması və soydaşlarımız arasında azərbaycançılıq ideyalarının təşviqi istiqamətində Sevinc Kərimovanın gördüyü işlərdən bəhs edib. Azərbaycanlı icmaların və soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb.

Sədr 2025-ci ildə ABŞ-yə işgüzar səfəri zamanı Sevinc Kərimova ilə görüşdüyünü xatırladıb. Onun Azərbaycanla ABŞ arasında mədəni əlaqələrin genişlənməsinə verdiyi töhfələrə diqqət çəkib. 

Nigar Vəkilova anasının fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib.

Qeyd edək ki, mədəniyyətimizin tanınmış simalarından olan Sevinc Kərimova 1980–1990-cı illərdə Azərbaycanda televiziya proqramları ilə yanaşı, kütləvi tədbirlərin rejissoru və prodüseri kimi fəaliyyət göstərib. “Karvan” qrupunun yaradıcısıdır. Fəaliyyətini ABŞ-də davam etdirən soydaşımız “Golden Arts Entertainment Production” şirkətində prodüser kimi işləyib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Bakı Payızı – 35 il sonra” və “Birlikdə” adlı beynəlxalq layihələrin təşkilatçısı olub. Həyat yoldaşı, bəstəkar Mikayıl Vəkilovla birlikdə gənc azərbaycanlı musiqiçilərin inkişafına və böyük səhnələrə çıxmasına kömək göstərib. . Onların övladları - Rüstəm Vəkilov Hollivudda film çəkən ilk azərbaycanlı rejissor, Nigar Vəkilova isə moda sahəsi üzrə fotoqrafdır. Sevinc Kərimova, həmçinin 2024-cü ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.

Azərbaycanlı rejissor Sevinc Kərimova 2026-cı ilin yanvar ayında, ömrünün 70-ci ilində vəfat edib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər