Səudiyyə Ərəbistanında çalışan azərbaycanlı həkimə “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim olunub

10 iyun, 2026

Səudiyyə Ərəbistanında çalışan azərbaycanlı həkimə “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim olunub

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov Səudiyyə Ərəbistanı Krallığında yaşayan Azərbaycan icmasının fəal üzvü, tibb elmləri doktoru Vüqar Süleymanovla görüşüb.

Sədr müavini diaspor quruculuğunda aktiv iştirak edən soydaşlarımızın fəaliyyətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini bildirib. O, uzun illər ölkə hüdudlarından kənarda həkim kimi çalışan Vüqar Süleymanovun diaspor sahəsindəki fəallığını və xeyriyyəçilik istiqamətində göstərdiyi xidmətləri xüsusi vurğulayıb. Qeyd olunub ki, soydaşımızın çoxşaxəli fəaliyyəti xaricdə yaşayan azərbaycanlılar arasında həmrəyliyin möhkəmləndirilməsi və milli maraqlarımızın təşviqi baxımından təqdirəlayiqdir.

Sonra “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı Vüqar Süleymanova  təqdim edilib.

Qonaq fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə səmimi minnətdarlığını bildirib. O,  diasporumuzun gücləndirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində səylərini davam etdirəcəyini diqqətə çatdırıb.

Görüş zamanı xaricdə yaşayan soydaşlarımızın Azərbaycan diasporunun inkişafında oynadığı rol, milli həmrəyliyin gücləndirilməsi və ölkəmizin beynəlxalq aləmdə tanıdılması istiqamətində həyata keçirilən təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərmək üçün göndərilmiş azərbaycanlı həkimlər sırasında Vüqar Süleymanov da yer alıb. Hazırda o, Səudiyyə Ərəbistanının Əl-Cübeyl şəhərində yerləşən Mərkəzi Xəstəxananın Cərrahiyyə şöbəsinin müdiridir və həkim-cərrah kimi çalışır.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər