Şəhid ailələri və Qarabağ fatehləri ilə görüş diaspor gəncləri üçün unudulmaz anlara çevrilib
5 avqust, 2026
Şərqi Zəngəzurda keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsində "Zəfəri yaşadanlar, sabahı yaradanlar" - Şəhid ailələri və Qarabağ fatehlərinin gənclərlə görüşü unudulmaz tarixə çevrilib. Səmimi söhbətlər, kövrək xatirələr və qəhrəmanlıq nümunələri diaspor gənclərində Vətənə bağlılıq, milli həmrəylik və qürur hisslərini daha da gücləndirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahiqızının moderatorluğu ilə keçirilən panelin qonaqları Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, şəhid Rəşad Mirzəlinin anası Afidə Mirzəyeva, şəhid Elgün Quliyevin anası Qənirə Quliyeva, şəhid Mikayıl Həmidlinin anası Lalə Həmidova və Qarabağ fatehləri olub.
Panel müzakirələri zamanı valideynlər övladları ilə bağlı xatirələrini bölüşüb, Qarabağ müharibəsinin qəhrəman qaziləri isə keçdikləri şərəfli döyüş yolundan söz açıblar. Onlar dünyanın müxtəlif ölkələrindən düşərgəyə qatılan soydaşlarımızı azad Laçında görməyin qürur və sevinc hissi yaşatdığını bildiriblər. Şəhid ailələrinin üzvləri və qəhrəman qazilərin səmimi çıxışları gənclərə dərin təsir bağışlayıb, onlarda böyük qürur və vətənpərvərlik hissi oyadıb. Tədbirin emosional anlarında bir çox iştirakçı göz yaşlarını saxlaya bilməyib.
“Elə bil bu gün oğlumu qucaqladım”, – deyən şəhid Rəşad Mirzəlinin anası Afidə Mirzəyeva görüşdə Rəşad adını daşıyan iki düşərgə iştirakçısını bağrına basıb.
Tədbirdə şəhidlərin qəhrəmanlıqlarından, həyatından bəhs edən film nümayiş olunub, vətənpərvərlik mahnıları səsləndirilib.
Görüş gənclərin yaddaşında Qarabağın azadlığı uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsinə sonsuz ehtiramın və qəhrəman qazilərimizin şücaətinə dərin minnətdarlığın ifadəsi kimi yadda qalıb. Gənclər belə bir görüşün təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, avqustun 2-dən 8-dək davam edəcək Diaspor Gənclərinin Vll Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Şərqi Zəngəzurda keçirilir. Diaspor Gənclərinin VII Yay Düşərgəsində dünyanın 64 ölkəsindən 123 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan, Laçın və Xankəndi şəhərlərində baş tutub, düşərgələrə 84 ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.
Foto qalereya
Digər xəbərlər
