"Ozan” saz müsabiqəsinin qalibləri seçilib

29 iyul, 2026

"Ozan” saz müsabiqəsinin qalibləri seçilib

Borçalı aşıq sənətinin qorunması və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “24News Media”nın təşkilatçılığı ilə keçirilən "Ozan” saz müsabiqəsinin qalibləri mükafatlandırılıb.  Mərasim Marneuli bələdiyyəsinin Kəpənəkçi kəndində yerləşən Ustad Aşıq Kamandar Əfəndiyevin Ev Muzeyində keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin nümayəndəsi Cavid Məhərrəmov, Türkiyənin Gürcüstandakı Səfirliyinin təhsil müşaviri Yüksel Kara, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorgadze, Gürcüstan Ombudsman Aparatının regional departamentinin rəhbəri Giorgi Talakvadze, Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Etibar Eminov, Türkiyənin Gürcüstandakı Səfirliyinin Dini İşlər üzrə müşaviri Mahmud Göl, Marneuli meriyasının və bələdiyyə məclisinin struktur bölmələrinin rəhbərləri və əməkdaşları, müsabiqə iştirakçıları, münsiflər heyətinin üzvləri, mədəniyyət xadimləri, media nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Layihənin rəhbəri və “24News Media”nın rəhbəri Azər Məmmədov müsabiqənin məqsədinin Borçalı aşıq sənətinin qorunması, gənclər arasında təbliği, yeni istedadların üzə çıxarılması və milli-mənəvi dəyərlərin yaşadılmasına töhfə vermək olduğunu deyib.

Digər çıxışçılar layihənin milli-mədəni irsin qorunması və təbliği baxımından əhəmiyyətini vurğulayıblar.

Münsiflər heyətinin qərarına əsasən Nurlan Xansultanlı I, Əli Əsgərov II, Mahal Qocayev isə III yerin sahibi olublar. Qaliblərə noutbuk, mobil telefon və planşet, eləcə də diplomlar, digər iştirakçılara isə sertifikatlar təqdim edilib. Digər iştirakçılar sertifikatlarla təltif olunublar.

Tədbir ustad aşıq Həvəskar Qurbanovun və onun şagirdlərinin, həmçinin müsabiqə qaliblərinin ifasında səsləndirilən aşıq havaları ilə başa çatıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər