"Mənim Azərbaycanım" həftəsonu məktəbi növbəti tədris ilini başa vurub
16 iyun, 2026
Kanada Azərbaycan Evinin nəzdindəki "Mənim Azərbaycanım" həftəsonu məktəbində növbəti dərs ilinin başa çatması münasibətilə tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov, Kanada Azərbaycan Evinin rəhbəri Lalin Həsənova, məktəbin müəllim və şagird heyəti, eləcə də valideynlər iştirak edib.
Çıxışlar zamanı tədris ilini müvəffəqiyyətlə başa vuran “Mənim Azərbaycanım” həftəsonu məktəbinin son üç il ərzində əldə etdiyi uğurlar və qazandığı təcrübələr diqqətə çatdırılıb. Bildirilib ki, məktəbdə şagirdlər ana dili ilə yanaşı, Azərbaycan xalqının zəngin mədəni irsi, milli adət-ənənələri, musiqisi və tarixi haqqında geniş biliklər əldə edir, onların vətənpərvərlik ruhunda formalaşmasına xüsusi önəm verilir. Eyni zamanda, Kanada daxilində keçirilən müxtəlif multikultural festivallarda, mədəni tədbirlərdə və ictimai proqramlarda fəal iştirak edən həftəsonu məktəbinin Azərbaycanın zəngin mədəni irsini uğurla təbliğ etdiyi xüsusi vurğulanıb.
Tədbirdə “Mənim Azərbaycanım” həftəsonu məktəbinin rəqs qrupu milli rəqslərimizi nümayiş etdirib, iştirakçılara unudulmaz və rəngarəng anlar yaşadıb.
Qeyd edək ki, 2023-cü ilin aprel ayının 5-dən Toronto şəhərində fəaliyyətə başlayan Azərbaycan Evi artıq üç ildir ki, ölkəmizin zəngin mədəni irsini, adət-ənənələrini, qədim tarixini və milli dəyərlərini yaşadır. Evin nəzdindəki “Mənim Azərbaycanım” həftəsonu məktəbi isə ana dilimizin öyrədilməsi və yeni nəsillər arasında Azərbaycan mədəniyyətinin təbliği üçün xüsusi rol oynayır.
Foto qalereya
Digər xəbərlər
