"Florida Keys" Beynəlxalq Musiqi Müsabiqəsi gənc istedadlara beynəlxalq səhnəyə yol açır

10 avqust, 2026

"Florida Keys" Beynəlxalq Musiqi Müsabiqəsi gənc istedadlara beynəlxalq səhnəyə yol açır

ABŞ-də keçirilən "Florida Keys" Beynəlxalq Musiqi Müsabiqəsi (“Florida Keys International Music Competition – IMC”) gənc musiqiçilərin peşəkar inkişafına, yaradıcılıq potensialının üzə çıxarılmasına və beynəlxalq səviyyədə tanınmasına töhfə verməyə davam edir.

Bu il müsabiqənin 10 illik yubileyi qeyd olunur. Layihənin əsas məqsədi istedadlı gəncləri aşkara çıxarmaq, onların ifaçılıq bacarıqlarını inkişaf etdirmək və beynəlxalq musiqi təhsili imkanlarına çıxışını genişləndirməkdir. "Musiqi hər kəs üçündür" prinsipi ilə təşkil olunan müsabiqə müxtəlif hazırlıq səviyyəsinə malik iştirakçılar üçün bərabər imkanlar yaradır.

Müsabiqədə peşəkar və həvəskar musiqiçilərlə yanaşı, xüsusi qayğıya ehtiyacı olan şəxslər də iştirak edə bilirlər. Yarışmaya 5 yaşdan başlayaraq 36 yaş və daha yuxarı yaş qrupuna aid ifaçılar qəbul olunur.

Müsabiqə bir mərhələdən – video formatında keçirilən seçim turundan ibarətdir. İştirakçılar ifalarını video şəklində təqdim edir, beynəlxalq münsiflər heyəti isə çıxışları qiymətləndirərək qalibləri müəyyənləşdirir.

Qaliblərin mükafatlandırma mərasimi və Qala Konserti ABŞ-nin Nyu York şəhərində yerləşən və dünyanın nüfuzlu konsert salonlarından biri olan “Carnegie Hall”da keçiriləcək. Münsiflər heyətinin seçdiyi ən uğurlu iştirakçılar bu möhtəşəm səhnədə çıxış etmək imkanı qazanacaqlar.

Qala konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Florida Azərbaycan–Amerika Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq. Müsabiqənin təsisçisi və icraçı direktoru Pərvin Muradovdur. Layihə Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının prezidenti Töhfə Eminovanın təşkilati dəstəyi ilə həyata keçirilir.

Məlumat üçün bildirək ki, müsabiqənin bir çox laureatları uğurla musiqi karyeralarını davam etdirir, digər nüfuzlu beynəlxalq müsabiqələrdə qalib olur və dünyanın aparıcı musiqi universitetlərinə qəbul edilirlər. Elvin Qəniyev, Emil Hartikainen, Teymur Kərimov, Əli Məmmədov və digər gənc istedadların uğurları müsabiqənin iştirakçıların peşəkar inkişafına verdiyi töhfənin bariz göstəricisidir. Florida Keys Beynəlxalq Musiqi Müsabiqəsi gənc istedadların üzə çıxarılması ilə yanaşı, Azərbaycan musiqisinin, milli musiqi ənənələrinin və bəstəkarlarımızın yaradıcılığının beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verir. Eyni zamanda, layihə beynəlxalq musiqi əməkdaşlığının genişlənməsinə, mədəni əlaqələrin inkişafına və gənc musiqiçilərin dünya səhnələrinə çıxışına geniş imkanlar yaradır. Bundan əlavə, müsabiqənin orkestr müşayiəti ilə fortepiano konsertləri nominasiyası gənc ifaçılara peşəkar orkestr ilə çıxış etmək imkanı yaradır. Bu il qaliblər “Manhattan Orchestra” ilə eyni səhnəni bölüşəcəklər.

Qeyd edək ki, ənənəvi olaraq keçirilən "Florida Keys" Beynəlxalq Musiqi Müsabiqəsi görkəmli Azərbaycan bəstəkarı Cövdət Hacıyevin xatirəsinə həsr olunub. Müsabiqənin təsisçisi və icraçı direktoru Pərvin Muradov tanınmış mədəniyyət xadimləri Cövdət Hacıyev və Əminə Dilbazinin qızıdır.

Müsabiqə haqqında daha ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür:

https://www.floridakeyscompetition.com/about-the-competition/

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər