“Qardaşlıq sərhəd tanımaz”
19 may, 2026
Naxçıvanla Türkiyənin İğdır şəhəri arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlıq əlaqələri daha da genişləndirilib. “Qardaşlıq sərhəd tanımaz” layihəsi çərçivəsində İğdır Anadolu Liseyi ilə Naxçıvan Dövlət Texniki Kolleci arasında qarşılıqlı əməkdaşlıq münasibətləri qurulub. Layihənin təşəbbüskarı İğdır Azərbaycan Evidir.
Layihənin ilkin mərhələsində Naxçıvandan olan nümayəndə heyəti İğdıra səfər edib. Səfər zamanı İğdır Azərbaycan Evi və İğdır Anadolu Liseyində görüşlər keçirilib. Görüşlərdə müəllimlərlə tələbələr arasında səmərəli fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Bunun davamı olaraq, 12-14 may 2026-cı il tarixində liseyin nümayəndə heyəti Naxçıvana səfər edib. Qonaqlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Onlar, həmçinin Heydər Məscidi, 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılan abidə, Naxçıvan Dövlət Bayraq Muzeyi və şəhərin digər tarixi-mədəni məkanları ilə tanış olublar.
Daha sonra Naxçıvan Dövlət Texniki Kollecində görüş keçirilib. Kollecin direktoru Asəf Ruşanov təhsil müəssisəsinin fəaliyyəti barədə geniş məlumat verib, layihənin əhəmiyyətini vurğulayıb. Görüşdə İğdır məktəbliləri kollecin tələbələri ilə birlikdə müxtəlif sinif otaqları və emalatxanalarda birgə fəaliyyətlərdə iştirak ediblər.
İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar “Bir millət, iki dövlət” prinsipinin Azərbaycan və türk gəncləri arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib. O, təhsil müəssisələri arasında birgə layihələrin davamının vacibliyini diqqətə çatdırıb.
Səfər çərçivəsində İğdır nümayəndə heyəti Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunda olub, baş konsul Asip Kaya ilə görüşüblər. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında gənclərin və təhsil layihələrinin rolu müzakirə olunub.
Foto qalereya
Digər xəbərlər
